Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

TURLAR
Gənclər Qafqaz İslam Ordusunun yolunu keçəcəklər

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Gənclərə tanıtım - Qafqaz İslam Ordusu yolu" mədəni irs turu təşkil edir.

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi "Gənclərə tanıtım - Qafqaz İslam Ordusu yolu" mədəni irs turu təşkil edir. 2013-cü il sentyabrın 12-13-də keçirilməsi nəzərdə tutulan tur Qafqaz İslam Ordusunun Bakını azad etməsinin 95 illiyinə həsr olunur. Məlum olduğu kimi, 1918-ci il sentyabrın 15-də işğal altında olan Bakı və ətraf bölgələri Nuru Paşanın başçılıq etdiyi Qafqaz İslam Ordusu azad edib.
İki günlük tura qatılanlar Gəncə-Göyçay-Ağsu-Şamaxı-Hökməli-Güzdək-Bakı (Şəhidlər Xiyabanı) marşurutu ilə hərəkət edəcəklər. Onlar XX əsrin əvvəllərində Azərbaycan xalqının erməni daşnakları və rus bolşevik qüvvələrinə qarşı apardığı mübarizəsində qardaşlıq yardımına yetişən və Azərbaycanın dövlət müstəqilliyini qazanmasında, istiqlalının qorunmasında həlledici rol oynayan Qafqaz İslam Ordusunun şərəfli döyüş yolunu izləməyə nail olacaqlar.
Tura qatılanlar eləcə də Qafqaz İslam Ordusunun formalaşması, Nuru Paşanın rəhbərliyi altında Gəncədən başlayaraq Bakıya qədər Azərbaycanın erməni və bolşevik işğalından azad edilməsi istiqamətində apardığı döyüşlər, gərgin geosiyasi vəziyyətdə Türkiyənin və Azərbaycanın atdığı addımlar haqqında söhbətləri dinləyəcəklər.
İştirakçılar həmçinin Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi ilə tanış olacaq, orada gecələyəcəklər.

8480 dəfə oxunub