Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Muğla Universitetində Azərbaycanın mədəni irsinə həsr olunmuş sərgi və konfrans keçiriləcək
15.2.2012
Facebook
Twitter Google Myspace

Türkiyə Cümhuriyyətinin Muğla şəhərində Muğla Universiteti, Muğla Azərbaycan Kültür və Dayanışma Dərnəyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Ağsu möcüzəsi” sərgisi və konfransı keçiriləcəkdir. 

Türkiyənin müxtəlif şəhərlərində "Ağsu möcüzəsi" sərgisinin təşkili ideyası Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən də müsbət qarşılanıb.
Fevralın 14-19-da sərginin açılış mərasimi və konfransla əlaqədar olaraq Muğlaya Azərbaycandan alimlərdən, arxeoloqlardan, sənət adamlarından ibarət nümayəndə heyəti gedəcək. Konfrans Muğla Universiteti Atatürk Kültür mərkəzində saat 14.00-da keçiriləcək. Konfransın əsas məruzəçisi MİRAS İctimai Birliyinin sədri, Azərbaycan Müəllimlər İnstitutunun müəllimi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir. Konfransda əsasən Azərbaycanın maddi və mənəvi irsindən, orta əsr Ağsu şəhəri tədqiqatlarından, Xocalının minilləri əhatə edən tarixindən bəhs ediləcək, "Xocalı vaxtı" və "Azərbaycan abidələr diyarıdır" filmləri nümayiş olunacaq.
Məlumat üçün deyək ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar aparıb. Qazıntılar nəticəsində XII və XVIII əsrlərə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarılıb. Tapıntılar içərisində həmçinin çoxsaylı numizmatik materiallar, nadir sənət nümunələri, habelə Ağsu şəhərinin dünyanın bir sıra ölkələri və şəhərləri ilə olan ticarət və mədəni əlaqələrindən xəbər verən digər materiallar var.
2010-cu ildə Milli Azərbaycan Tarixi Muzeyi və Ağsu Tarix Diyarşünaslıq Muzeyində, 2011-ci ildə Türkiyənin Amasiya və Trabzon şəhərlərində həmin tapıntılardan ibarət "Ağsu möcüzəsi sərgisi" nümayiş olunmuşdur.
Sərgidə MİRAS İctimai Birliyi İdarə Heyətinin üzvü, məşhur fotoqraf Məmməd Rəhimovun iki il ərzində Orta əsr Ağsu şəhərində bütün tapıntıları, qazıntı prosesi və keçirilən tədbirləri professional şəkildə sənədləşdirdiyi 90 ədəd fotopanel nümayiş olunacaq. Bununla yanaşı, MİRAS İctimai Birliyi Konservasiya və bərpa şöbəsinin müdiri, orta əsr Ağsu şəhərinin konservasiya olunmasında yaxından iştirak edən bərpaçı-rəssam Cahangir Əhmədovun konservasiya müddətində müşahidə etdiklərini rəssam fırçası ilə tamaşaçıların diqqətinə çatdırdığı 12 ədəd rəsm əsəri də bu sərgidə təqdim olunacaq. MİRAS İctimai Birliyi Sərgi-dizayn şöbəsinin müdiri, aşkar olunmuş metal əşyaların konservasiyası ilə məşğul olan gənc heykəltəraş Vüqar Quliyevin 3 ədəd tökmə üsulu ilə hazırladığı plastika nümunələri də Muğlada sərgilənəcək.
Sərgi fevral ayı boyunca açıq olacaq.