Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
MİRAS Ağsuya İnfotur təşkil edib
21.10.2013
Facebook
Twitter Google Myspace

Oktyabrın 19-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası və Heritage Travel Turizm Şirkəti KİV nümayəndələri və turizm şirkətlərinin təmsilçiləri üçün Ağsu şəhərinə növbəti ənənəvi infotur təşkil edib.

Oktyabrın 19-da MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası və Heritage Travel Turizm Şirkəti KİV nümayəndələri və turizm şirkətlərinin təmsilçiləri üçün Ağsu şəhərinə növbəti ənənəvi infotur təşkil edib.
Məqsəd Orta əsr Ağsu şəhərində aparılmış konservasiya və bərpa işlərinin son durumu, arxeoloji turizmin inkişaf perspektivləri, Orta əsr Ağsu şəhəri turu və 2013-cü ildə rayonun Bəyimli kəndi ərazisindəki Torpaqqala-Mehrəvan abidəsində aparılan arxeoloji kəşfiyyat işlərinin nəticələri barədə geniş ictimaiyyəti məlumatlandırmaqdır.
İnfotura Azərbaycanda fəaliyyət göstərən xəbər saytlarının, qəzetlərin, televiziyaların, eləcə də turizm şirkətləri və otel sektorunun 40 nəfərdən artıq təmsilçisi qatılıb.
İnfotur iştirakçıları Orta əsr Ağsu şəhəri ərazisindəki III, IV və V qazıntı sahələrində konservasiya və bərpa işlərinin yekunları, habelə VII sahədə anbar-buzxanada aparılan konservasiya və bərpa işlərinin gedişi ilə tanış olmuşlar. Professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli görülən işlər haqqında məlumat vermiş və infotur iştirakçılarının suallarını cavablandırmışlar. AMEA-nın müxbir üzvü, təcrübəli arxeoloq Vəli Əliyev infotur iştirakçıları qarşısında çıxış edərək Ağsuda görülən işləri yüksək qiymətləndirmişdir.
İnfotur iştirakçıları daha sonra XV-XVI əsrlərə aid Növcü Daş Qoç Qəbirləri Xatirə Abidəsinə yollanmış, orada MİRAS İctimai Birliyinin təşəbbüsü ilə görülmüş konservasiya və abadlıq işləri ilə tanış olmuşlar.
İnfotur iştirakçıları habelə ilk orta əsrlərə aid Torpaqqala-Mehrəvan şəhər yerində olmuş, orada Ağsu arxeoloji ekspedisiyası tərəfindən aparılmış kəşfiyyat qazıntılarının nəticələri ilə tanış olmuşlar. Ekspedisiyanın rəisi, professor Qafar Cəbiyev Mehrəvan şəhərinin tarixi və axtarış zamanı aşkar edilmiş maddi-mədəniyyət nümunələri haqqında məlumat vermişdir.
Günün sonunda infotur iştirakçıları AzQranata Şirə və Şərab Emalı Zavodunda olmuş, orada məhsulun qəbulu və texnoloji proseslərlə yaxından tanış olmuşlar. Zavodun direktor müavini, professor Vüqar Mikayılov dünyanın ən qabaqcıl şirə istehsalı müəssisələrindən biri olan AzQranata Zavodu və orada istehsal olunan məhsullar barəsində infotur iştirakçılarına məlumat vermişdir. Əsrlər boyu Azərbaycan mətbəxində önəmli yer tutmuş olan abqora suyunun dünyada ilk dəfə olaraq sənaye üsulu ilə istehsalı infotur iştirakçılarının xüsusilə böyük marağına səbəb olmuşdur.
İnfotur iştirakçılarına MİRAS İctimai Birliyinin sertifikatları və birliyin nəşrlərindən ibarət hədiyyələri təqdim olunmuşdur.