10-14 sentyabr 2014-cü il tarixlərində İstanbul şəhəri Avropa Arxeoloqlar Assosiasiyasının XX Konfransına ev sahibliyi edib. 2800 iştirakçını qəbul edən İstanbul Texniki Universitetinin Sosial Elmlər Bölümü özünəməxsus memarlıq üslubu, tarixi ilə tədbirə xüsusi ab-hava qatıb. Görüş 6 mövzudan: “Birləşən dənizlər – sərhədləri aşaraq”, “Arxeoloji irsin idarə olunması – keçmişdə və hazırda”, “Qədim texnologiyalar sosial kontekstdə”, “Ətraf mühit və yaşam: geosfer, ekosfer və bəşəri qarşılıqlı əlaqələr”, “Dəyişmə zamanı: dağılma və çevik təkanlar”, “Arxeoloji sənədlərin tapılması və aydınlaşdırılması” və ümumilikdə 140 altmövzudan ibarət idi. Həmin müddət ərzində təntənəli açılış mərasimi və qəbul, “Bağlama Recital” konserti, “Gustave Mendel – Pascal Sebah, İmperator Muzeyinin sənədləşmələri” sərgisinin açılışı və İstanbul Arxeologiya Muzeyinin, Mədəni Əmlakların və Muzeylərin Baş Direktorluğu tərəfindən qəbul, Avropa Arxeoloqlar Assosiasiyasının İllik İşgüzar Görüşü, “Unudulmuş çarlıq: Qədim Alalax arxeologiyası və fotoqrafiyası” sərgisinin açılışı, İllik Qonaqlıq, İllik Nahar təşkil olunmuşdu.
Konfransda Azərbaycanı təmsil edən MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri – tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və Birliyin üzvü Gülşən N.Hüseynova 2-ci Mövzu “Arxeoloji irsin idarə olunması: keçmişdə və hazırda” və “Arxeoloji irsin idarə olunması” altmövzusu üzrə bölmədə “Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksi Mədəni İrsin İdarə Olunması Modeli kimi” mövzulu posterlə iştirak ediblər. Onlar eyni zamanda “Arxeologiya və turizm”, “Arxeoloji irsin idarə olunması”, “Arxeologiya, Ekologiya və Planlaşdırma: landşaftın idarə olunması və planlaşdırılmasında əlaqəli yanaşmalar” altmövzularının müzakirəsi keçirilən paralel sessiyalarda, dəyirmi masalarda iştirak edərək, qeyd edilən sahələr üzrə müasir meyllərin öyrənilməsi və tətbiqi ilə bağlı fikir mübadiləsi aparıblar.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Görüşdə 2010-cu ilin mart ayında Birliyin müraciəti əsasında yaradılmış AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu və Milli Azərbaycan Tarixi Muzeyinin əməkdaşlarından ibarət birgə ekspedisiyanın arxeoloji tədqiqatları nəticəsində aşkar edilmiş Orta əsr Ağsu şəhərində yerin altından tapılmış zəngin mədəniyyətə malik şəhərin xarabalıqlarından və hazırda həmin ərazidə yaradılan arxeoloji turizm kompleksindən, burada görülən işlərdən bəhs edən, arxeoloji irs obyekti olan 4 arxeoloji qazıntı sahəsinin ziyarətçilər üçün açıq ekspozisiya funksiyasını yerinə yetirməsini nümayiş etdirən posteri təqdim edib. Tarixi-mədəni irsin aşkarlanması və inventarizasiyası, sxem, kadastr, reyestr, elektron məlumat bankının tərtibi mədəni irsin idarəetməsində, ərazinin tarixi-mədəni potensialının təbliğində və ümumilikdə Kompleksin gələcək inkişafında lazım olan həllivacib işləri əks etdirən posterdə həmçinin ərazidə və onun ətrafında yerləşən tarixi-mədəni dəyərlər haqqında məlumatın kifayət qədər olmamasının idarəetmədə problemlər yaratdığını və mədəni irs üzrə proqram sənədlərinin işlənməsinin idarəetmə obyekti haqqında sistemləşdirilmiş məlumat əldə etməyə və onun monitorinqinin təşkilinə kömək edəcəyini, hər obyekt haqqında qısa tarixi arayış, onun əhəmiyyəti, dəyəri, texniki göstəriciləri, vəziyyəti, ekoloji və antropogen amillərin təsir dərəcəsi, müəyyən olunmuş saxlanma və istifadə rejimi, istifadəçilər haqqında məlumatların hazırlanmasının vacibliyi, hər obyekt növünün unikallığı, onunla bağlı kadastrlar və məlumat banklarının spesifik xüsusiyyətlərə malik olduğunu göstərir.
Bununla əlaqədar, Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində qazıntılar zamanı tapılmış abidə və eksponatların təsviri, texniki göstəriciləri, əhəmiyyətlliliyi, ilkin və müasir vəziyyəti, dağıntı səviyyəsi, onunla bağlı folklor nümunəsi də daxil olmaqla, elektron məlumat bazası üzərində işin aparılmasına başlanıb. Arxeoloji qazıntılar zamanı aşkar edilmiş tapıntıların elektron siyahısı sistemləşdirilir. Mülkiyyət formalarının, ekskursiya marşrutlarının müəyyənləşdirilməsi, tamaşaçı üçün istirahət və daldalanacaq yerlərin sayının artırılması, fiziki imkanları məhdud olan tamaşaçıların burada rahat hərəkəti və xidmətlərdən tam istifadəsi, Kompleksdə atla, konka ilə turların, məktəblilər və könüllülər üçün arxeoloji ekspedisiyaların təşkili idarəetmə planının əsas məqamlarıdır.
Kompleksdə arxeoloji irsi idarəetmədə yeniliklərin tətbiqi məqsədilə müvafiq ali təhsil ocaqlarının müəllim və tələbələrinin cəlb edilməsi nəzərdə tutulur. Kompleksdən bədii, sənədli filmlərin, kliplərin çəkilişi üçün poliqon kimi istifadə etmək məqsədilə müvafiq təbliğat işləri aparılır. Gələcəkdə sənətkarlıq emalatxanalarının qurulması, məktəblilərin və tamaşaçıların burada öz əlləri ilə müəyyən əşyaların hazırlamasına şərait yaradılması planlaşdırılır. Kompleksdə sərgi, moda nümayişi, sənət festivalları, fotosərgi, müsabiqələr, ustad dərsləri təşkil olunur. Yerli sənət nümunələrinin və sənətkarların təbliği məqsədilə xüsusi ustad dərsi, “Böyük İpək Yolu”, “Karvan yolu”, “Ağsu şəhəri Şərqlə Qərb arasında ticarət körpüsüdür” mədəni irs turları nəzərdə tutulub. Ağsu Kompleksində mədəni, təbii, arxeoloji, kənd landşaftları yerli endemik ağac və kol bitkiləri ilə sərhədlənir. Bütün bunlar arxeoloji irsin idarə olunmasında əsas halqaları təşkil edir. Görüş müddətində posterə göstərilən maraq ölkəmizin bu sahədə təcrübəsinin yararlılığından xəbər verirdi.
Paralel sessiyalarda Böyük Britaniya, Danimarka, Xorvatiya, Polşa, Finlandiya, Türkiyə, Yunanıstan, İsveç təmsilçilərinin arxeoloji irsin idarə olunması sahəsində ölkələrində görülən işlər barədə təcrübəsi dinləyicilərin geniş müzakirəsinə səbəb oldu. Sözügedən ölkələrdə arxeoloji irsə, arxeoloji turizmə münasibətin müxtəlifliyi aparılan sorğular nəticəsində də özünü büruzə vermiş və bu Polşa təcrübəsində xüsusilə maraq doğururdu.
Təcrübə mübadiləsi və müasir meyllərin öyrənilməsi baxımından maraq doğuran Avropa Arxeoloqlar Assosiasiyasının XX Konfransı iştirakçıların fəallığı ilə yadda qaldı. |