Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Xəzər Universitetinin tələbələri mədəni irs sahəsində MİRAS təcrübəsi ilə tanış olublar
10.3.2015
Facebook
Twitter Google Myspace

Tədbiri giriş sözü ilə Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli açıb.  

Martın 10-da Xəzər Universitetində MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı, Xəzər Universiteti Tələbə Gənclər Təşkilatının dəstəyi ilə Mədəni irs və Arxeoloji turizm elmi-praktik konfransı keçirilib.
Tədbiri giriş sözü ilə Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli açıb. O, əsas məruzəçi olan Miras İctimai Birliyinin sədri Fariz Xəlillini təqdim edib və Xəzər Universitetinin MİRAS İctimai Birliyi ilə ortaq fəaliyyətindən bəhs edib. Əlövsət Əmirbəyli Azərbaycan arxeologiya elminin son nailiyyətlərindən və Azərbaycanda turizmin inkişafından danışıb.
Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli məruzəsini mədəni irs və arxeoloji turizm sahəsində MİRASın qazandığı təcrübəyə həsr edib. O, bildirib ki, MİRAS mövcud olduğu 5 ildə Azərbaycanın mədəni irsinin araşdırılması, qorunması və təbliği sahəsində özünəməxsus təcrübə qazanıb və nəinki regionda eləcə də dünyada sayılıb seçilən qeyri-hökumət təşkilatlarından birinə çevrilib. Orta əsr Ağsu şəhəri, Şıxməzid abidəsi və Mehrəvan qalasında aparılan arxeoloji tədqiqatlar, konservasiya və təbliğat işləri geniş elmi ictimaiyyətdə maraq doğurub və elmi innovasiya kimi qiymətləndirilib. Bir çox beynəlxalq konfrans, simpozium, forum, sərgi və kurslara təşkilatçı kimi qatılan MİRAS İctimai Birliyi Xəzər Universitetinin müəllim və tələbələri ilə birgə düşərgə və tədbirlər keçirmək niyyətindədir. Bu yaxınlarda Belçika Türk Dərnəkləri Birliyi ilə əməkdaşlıq nəticəsində həyata keçirilməsi qərarlaşdırılmış Erasmus+ proqramı çərçivəsində "Ali təhsil və fərdi inkişafı təşviq etmək. Bir-birilərinin təcrübəsindən bəhrələnmək" layihəsinə digər universitetlərin tələbələri ilə yanaşı, Xəzər Univeristetinin tələbələri də cəlb edilib. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin "Ümumi Mədəni irs şəhərləri" beynəlxalq arxeoloji turizm layihəsindən geniş danışan Fariz Xəlilli gənclərin türk-islam mədəniyyətini nəinki öyrənmələrini, eləcə də həmin mədəniyyətin əhatə etdiyi şəhərləri gəzmək, səyahət etməklə daha da sahiblənmələrini tövsiyyə edib.
Daha sonra Tarix və Arxeologiya Departamentinin müdiri, dosent Roza Arazova gənclərin arxeologiyaya maraq göstərməsinin əhəmiyyətindən, Azərbaycanın qədim tarixinin öyrənilməsinin zəruriliyindən, MİRASın bu sahədə gördüyü işlərin davamlı inkişafından bəhs edib. Tələbələri MİRASın mədəni irs layihələrinə qatılmağa çağırıb.