11-16 aprel tarixində Avropa təhsil, gənclik və idmana dövlət dəstəyi proqramı ERASMUS + çərçivəsində Belçika Türk Dərnəkləri Birliyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin birgə layihəsi olan “Yüksək tədris və fərdi inkişafın təşviq olunması. Qarşılıqlı təcrübədən yararlanmaq” layihəsi baş tutub. Belə ki, Belçikadan və Azərbaycandan 15-26 yaşlarında tələbə və gənclərə bir həftə əzində Azərbaycanın Bakı şəhərində, Ağsu, Qəbələ və Şamaxı rayonlarında təlimlər keçilib.
Layihənin əsas məqsədi tədbir iştirakçısı olan gənclərin vətənpərvərliyi, savadı, onların təfəkkürü, tərbiyəsi, düşüncə tərzi, müxtəlif məsələlərə münasibəti, dil bilgilərini və s. nümayiş etdirmək, hər iki ölkə gəncləri arasında qarşılıqlı bilik mübadiləsinin aparılmasına nail olmaqdır. Belçika nümayəndə heyətinə Belçika Türk Dərnəkləri Federasiyasının rəhbəri Rıfat Can, eləcə də Sergül Şamlıoğlu, Ahmet Arkan, Hava Elbiz, Hüseyin Aydınlı başçılıq edirdi. Belçikalı türk tələbələr Antverpen, Kent və Brüssel univeristetləri də daxil olmaqla müxtəlf universitet və litseylər, Azərbaycandan isə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Xəzər Universiteti və digər universitet və kolleclərdə təhsil alan gənclər idi.
Gənclərin tanışlığı Bakıda Royal Hotelin konfrans zalında aş tutub və layihənin təqdimatı olub. İştirakçılara YouthPass-ın sorğu vərəqləri paylanıb, onların bu layihə müddətində əldə etdikləri biliklər, öyrənib qarşılaşdıqları və təəssüratları əks etdirən suallar verilib. Daha sonra iştirakçılar Bakı şəhərində layihədə nəzərdə tutulduğu kimi, Şəhidlər Xiyabanı, Bayraq Muzeyi, Qız Qalası, Miniatür Kitab Muzeyi və Şirvanşahlar Sarayı Kompleksində olublar. Onlara bu mədəni və tarixi yerlər haqqında dolğun məlumatlar verilib. Gənclər Bakı Uşaq Teatrında narkomaniya ilə mübarizəyə həsr edilən, MİRAS İctimai Birliyinin sədr müavini, yazıçı Arzu Soltanın ssenarisi əsasında və rejissor İntiqam Soltanın quruluşunda "Xaşxaşın göz yaşı" tamaşasına baxıblar.
Layihənin ikinci günü gənclər YUNESKO-nun mədəni irs siyahısında olan Qobustan Milli Tarix-Bədii Qoruğuna gedərək Qobustan muzeyi və qayaüstü rəsmlərlə tanış olublar. Həmin gün Royal Hoteldə iştirakçılar professor Şahlar Əsgərovun “Siyasətçi və pedaqoqun bir günü” adlı məruzəsini dinləyiblər, Azərbaycanda elm və təhsil sahəsində yeniliklər və problemlərə münasibəti ilə tanış olublar.
Layihə müddətində gənclər Şamaxı və Qəbələdəki Cümə məscidlərini, Nohurgöl və Tufandağı ziyarət ediblər. Şamaxı-Qəbələ-Tufandağ-Qəbələ-Şamaxı marşurutu ilə hərəkət edən ERASMUS+ proqramının iştirakçılarına MİRAS İctimai Birliyinin üzvü, ekoloq Gülşən Hüseynova Qəbələ şəhərində təlim keçib. Təlim zamanı Azərbaycanın təbiəti, ekoloji problemləri müzakirə olunub, gənclərlə interaktiv ekoloji oyun keçirilib. Oyunun qaliblərinə tanınmış ekoloq-ekspert Lətifə Hüseynovanın "Anam Xəzərim" kitabı hədiyyə olunub. Gənclər iki gün Şamaxıda Rixos by Platinum otelində gecələyiblər.
Növbəti gün ERASMUS+ proqramı çərçivəsində gənclər Ağsuya gəliblər. Ağsu Uşaq və Gənclər Yaradıcılıq Evində iştirakçılara professor Qafar Cəbiyevin "Azərbaycan mediası: müadir durum və inkişaf istiqamətləri" mövzusunda təlim keçib. Ağsu rayonu İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və Ağsudan olan Millət Vəkili Ərəstun Cavadov gənclərlə görüşüblər. Daha sonra gənclər AzGranata Ağsu Şirə və Şərab emalı zavodunda istehsal prosesi ilə tanış olublar.
Günün ikinci yarısı Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksində MİRAS İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin "Arxeologiya haqqında təəssüratlarım" adlı təlimi baş tutub. Təlimdə arxeoloqun bir günü, eləcə də Orta əsr Ağsu şəhəri arxeoloji turizm kompleksi layihəsi, Mehravan qalasında tədqiqatlar haqqında maraqlı məlumatlar verilib, arxeologiya və tarix mövzularında maraqlı müzakirələr aparılıb.
Gənclər gecəni Ağsu arxeoloji ekspedisiyasının bazası, çadırlar və Gəgəli kəndində onlar üçün ayrılmış evlərdə keçiriblər. Axşam gənclərə həm yerli musiqiçilər, həm də muğam ifaçılarının konserti təqdim edilib.
Sonuncu gün layihənin yekununda iştirakçıların bilikləri dəyərləndirilərək onlara iştirak və fərqlənmə sertifikatları təqdim olunub.
Layihə Azərbaycandan və Belçikadan olan gənclər arasında dostluq əlaqələrinin möhkəmlənməsi, ortaq mədəni dəyərlərin araşdırılması və Azərbaycanla tanışlıq baxımından olduqca əhəmiyyətli olub, gənclər arasında unudulmaz xatirələrin yaşadılmasını təmin edib. Tələbələr bu müddətdə müxtəlif maraqlı oyunlar oynayıb, bir-birləri ilə həyatlarının ən maraqlı anlarını paylaşıblar.
Layihənin növbəti mərhələsində Azərbaycandan seçilən gənclər Belçikaya gedəcək və orada oxşar təlimlər keçəcəklər.
|