Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
“Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsinin növbəti mərhələsi yekunlaşdı
27.7.2015
Facebook
Twitter Google Myspace

Sorğular zamanı bölgələrin əksəriyyətində fiziki imkanları məhdud insanların mədəni-maarif ocaqlarından, turizm obyektlərindən istifadəsində əsas maneə kimi məhz xüsusi nəqliyyatın, pandusların, yolların, səkiyə qalxmaq və düşmək üçün cığırların, lift və qaldırıcı qurğuların olmaması, maddi imkanların azlığı, fiziki imkanı məhdud insanları müşayiət edəcək bələdçilərin yoxluğu qeyd edildi.  

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasına dəstək” layihəsi çərçivəsində 22-27 iyul 2015-ci il tarixlərində Şamaxı, Ağsu, İsmayıllı rayonlarında 100-ə yaxın obyektdə araşdırmalar apararaq 135 nəfərin arasında sorğu keçirdi.
Layihənin ilk mərhələsi sözügedən bölgələr haqqında məlumatın toplanması, ikinci mərhələ bölgələrdə icra hakimiyyəti, əmək və əhalinin sosial müdafiə mərkəzləri, xəstəxana, poliklinika, mədəniyyət və turizm obyektləri, qeyri-hökumət təşkilatları, ictimai birlik və cəmiyyətlər, fiziki imkanları məhdud insanlar və ümumi əhali arasında sorğulardan ibarət idi.
Sorğular zamanı bölgələrin əksəriyyətində fiziki imkanları məhdud insanların mədəni-maarif ocaqlarından, turizm obyektlərindən istifadəsində əsas maneə kimi məhz xüsusi nəqliyyatın, pandusların, yolların, səkiyə qalxmaq və düşmək üçün cığırların, lift və qaldırıcı qurğuların olmaması, maddi imkanların azlığı, fiziki imkanı məhdud insanları müşayiət edəcək bələdçilərin yoxluğu qeyd edildi.
Azərbaycanda son zamanlar fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası və sosial reabilitasiyası istiqamətində qəbul olunan dövlət proqramlarında bu məqamlar nəzərə alınsa da, sözügedən obyektlərin inşası zamanı sosial müdafiə sahəsində çalışanların, həkim-reabilitoloqların rəylərinin öyrənilməməsi, nəticədə həssas təbəqənin özünə qapanmasına gətirib çıxarır.
İlkin nəticələr yalnız “Şamaxı Palace” Rixos Hotel-də fiziki imkanları məhdud insanların rahat hərəkəti və istirahəti üçün tam şəraitin, xüsusi nömrələrin, liftlərin olduğunu göstərdi.
Şamaxı Astrofizika Rəsədxanasında isə, fiziki imkanları məhdud olan insanların işlə təmin olunduğu məlum oldu.
Araşdırma zamanı həmçinin fiziki imkanları məhdud insanlar üçün tikilmiş evlərin də əksəriyyətində ciddi qüsurlar olduğu, kommunal şəraitin tələblərə cavab vermədiyi, onların birlikdə toplaşması, mütaliə və müzakirələr keçirmələri üçün məkanlarının olmadığı aydınlaşdı.
İsmayıllı rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində fiziki imkanları məhdud insanlara xüsusi baxıcıların təyin olunması, səhhətində problem olan uşaqlarla çalışan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin fəaliyyəti, Şamaxı rayonunda qapalı tipli Psixonevroloji Xəstəxananın sakinlərinin isə müntəzəm ekskursiyalara aparılması, rayonun Mədəniyyət və Turizm şöbəsinin onlara konsert proqramları təşkil etməsi, Ağsuda “Gülsam” Əlillərin Reabilitasiyası İctimai Birliyinin cəmiyyətə inteqrasiya istiqamətində fəaliyyəti və “Veteranlar” klubu çox təqdirəlayiq hallardır. Bu təcrübənin öyrənilməsi, KİV-də yayımlanaraq digər bölgələrdə tətbiqi müsbət hal ola bilər.
Tibbi Ekspertiza Komissiyasının üzvləri ilə görüşə bilməsək də, Şamaxı və Ağsu rayonlarında həkim-ekspertlərlə, tibb işçiləri ilə söhbətlərimizdə əsas problem kimi bu kateqoriyadan olan insanlara səyyar xidmətin olmaması, onların müalicə və reabilitasiya üçün yalnız Bakıya getmələri, bunun isə istər maddi, istərsə də sağlamlıq baxımından ağrılı məqam olması qeyd edildi.
Görüşdüyümüz fiziki imkanı məhdud insanların bir qismi işləmək istədiklərini, xüsusən xalçaçı xanımlar böyük həvəslə sənətlərini maraqlananlara öyrətmək həvəsini bildirdilər. Araşdırma zamanı rəyi soruşulanlar onların küçədə görünmələrinə başqa cür baxıldığını bildirdilər və mənəvi təzyiqin psixoloji kompleksə çevrildiyi söylədilər. Bu ağrıdıcı fakt gələcəkdə tək fiziki imkanları məhdud insanlar deyil, əhali arasında da ciddi maariflənməyə ehtiyac olduğuna bariz nümunədir. Bu işə isə kompleks yanaşılmalı, sosial müdafiə, səhiyyə və təhsil sahəsində çalışanlarla yanaşı, vətəndaş cəmiyyəti kimi QHT-lər də geniş iş aparmalıdırlar.
Araşdırmalar zamanı bölgələrdə tarixi, mədəniyyət və memarlıq abidələrinə baxış keçirildi, fotolar çəkildi. Hər obyekt inklüziv turistik, tarixi, memarlıq, ekoloji və tibbi baxımdan öyrənildi.
Azərbaycanda yeni sahə olan inklüziv turizm haqqında məlumatsızlıq, bu sahədə ciddi maarifləndirməyə ehtiyac olduğunu göstərdi. Bütün bu məqamlar layihənin üçüncü mərhələsində, sözügedən bölgələrdə inklüziv turizm perspektivlərinə dair seminarlar zamanı həyata keçiriləcək. Layihə müvafiq tövsiyələr kitabının, inklüziv tur marşrutların hazırlanması, pilot layihə kimi Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin inklüziv turizm maketinin təqdimatı ilə yekunlaşacaq.