Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Qədim Şamaxı (Xınıslı) dünya əhəmiyyətli arxeoloji abidəsinin mühafizə vəziyyəti müzakirə olunub
25.9.2024
Facebook
Twitter Google Myspace

"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində Qədim Şamaxı (Xınıslı) dünya əhəmiyyətli arxeoloji abidəsinin mühafizə vəziyyətini dəyərləndirib. 

 "Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Böyük qrant müsabiqəsinin qalibi olan "Mədəni irsin öyrənilməsi, qorunması və təbliğinə bələdiyyələrin dəstəyinin nümunəvi formatının yaradılması" layihəsi çərçivəsində Qədim Şamaxı (Xınıslı) dünya əhəmiyyətli arxeoloji abidəsinin mühafizə vəziyyətini dəyərləndirib. 23 sentyabr 2024-cü il tarixdə layihə rəhbəri tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli və layihənin eksperti professor, tarix elmləri doktoru Qafar Cəbiyev bu məqsədlə Şamaxı şəhərində görüş keçiriblər. Görüşdə Qədim Şamaxı (Xınıslı) dünya əhəmiyyətli arxeoloji abidəsinin mühafizə vəziyyəti aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə müzakirə olunub. 

Əvvəlcə Fariz Xəlilli layihə haqqında geniş məlumat verib, layihənin məqsəd və vəzifələri barədə danışıb. Layihədə məqsəd Şamaxı, İsmayıllı və Ağsu rayonlarında üzərində müasir yaşayış massivlərinin olduğu tarix və mədəniyyət abidələrinin mühafizəsi və onlardan istifadə vəziyyəti araşdırılmaqla aidiyyəti qurumlara, o cümlədən bələdiyyələrə müvafiq tövsiyələr vermək və geniş ictimaiyyəti məlumatlandırmaqdır. Araşdırmalara görə abidənin üzərində qanunsuz olaraq tikilən binalarda 1600-dən çox ailə yaşayır. Layihə araşdırma nəticəsində həmin ailələrlə işləməyin effektiv üsullarını da təqdim edəcək. Pilot layihə olaraq bu təcrübənin respublika miqyasında yayılması əsas hədəflərdəndir.
Layihənin eksperti Qafar Cəbiyev tarixi-mədəni irsin mühafizəsi, tədqiqi və təbliği sahəsində olan problemlər və qarşıda duran vəzifələr barəsində danışıb. O, Qədim Şamaxı (Xınıslı) dünya əhəmiyyətli arxeoloji abidəsində aparılmış tədqiqatlar və Azərbaycan tarixinin öyrənilməsində bu abidənin əhəmiyyəti haqqında məlumat verib. Azərbaycanın antik və erkən orta əsrlər şəhər mədəniyyətinin öyrənilməsi baxımından etalon abidə olduğunu qeyd edib. 
Müzakirələrdə Şamaxı rayonu İcra hakimiyyəti başçısının Şamaxı şəhəri üzrə nümayəndəsi Asif Şirəliyev, şəhər icra nümayəndəsinin müavini İlqar Əfəndiyev, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şamaxı ərazi şöbəsinin müdiri Ağabala Şaqavatov, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin baş mühasibi Rzaxan Musayev, Şamaxı rayon Polis şöbəsinin sahə rəisi kapitan Teymur Babayev, sahə rəisi polis leytenantı Elgün Məhərrəmov, Şamaxı bələdiyyəsi vergi şöbəsinin rəisi Fəxrəddin Niftəliyev, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Qəbələ Regional İdarəsinin Şamaxı rayonu üzrə abidə mühafizəçiləri Ayşən Kamilova və Qumru Hüseynova iştirak ediblər.
Müzakirələrin nəticələrinə əsasən Qədim Şamaxı (Xınıslı) dünya əhəmiyyətli arxeoloji abidəsi ərazisində mövcud olan idarə, təşkilat və qurumlara, bələdiyyəyə, mənzil və mülk sahiblərinə abidənin mühafizəsi ilə bağlı ilkin olaraq məlumat xarakterli bildirişlər və məktubların göndərilməsi məqsədəuyğun hesab edilib.
 
#MirasİB #MirasİctimaiBirliyi #QHT #NGO #Ağsu #Şamaxı #Basqal #Gəgəli #Xınıslı #Culture #CulturalHeritage #Mədəniİrs #Bələdiyyə #Municipality