XƏBƏRLƏR |
Ağdama infotur təşkil edilib |
9.11.2024 |
Facebook Twitter Google Myspace |
"Miras" mədəni irsin öyrənilməsinə kömək ictimai birliyinin İdarə heyəti və üzvləri üçün Ağdam rayonuna infotur təşkil olunub. |
İnforturda birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli, idarə heyətinin üzvləri tarix elmləri doktoru, professor Qafar Cəbiyev, tarix üzrə fəlsəfə doktoru, dosent Həbibə Əliyeva, filologiya üzrə fəlsəfə doktoru Şəhla Xəlilli, Məleykə Hüseynova, Aidə Məlikova, birliyin üzvləri Solmaz Quliyeva, Gülşən Hüseynova, Mələk Xanım Hacıyeva, Rasimə Əhmədova, Leyla Həsənzadə, Fərqanə Zülfiqarova, Elnarə Cəbrayılova, Samir Əzizov iştirak ediblər. İnfotur 8 noyabr - Zəfər gününə həsr olunub. İnfotur əvvəlcə Ağdam Şəhidlər Xiyabanından başlanıb. Burada Zəfər qəhrəmanları Ağdam şəhidlərinin əziz xatirəsi yad olunub. Onların məzarları ziyarət edilib, dualar oxunub. Sonra infotur iştirakçıları Heydər Əliyev Fondu tərəfindən bərpa olunan Ağdam Cümə məscidinə gəliblər. Burada məscid, onun bərpası haqqında məlumat verilib. Məsciddə namazlar qılınıb. Xocalı soyqırımı qurbanlarının yuyulduğu yer infotur iştirakçılarına göstərilib.
İnfotur Ağdam İmarət kompleksində davam edib. Bələdçi əvvəlcə Qarabağ xan ailəsinin türbələri, Xurşidbanu Natəvanın qəbirüstü abidəsi haqqında məlumat verib. Burada AMEA Arxeologiya və Antropologiya İnstitutunun apardığı arxeoloji qazıntıların nəticələrini və bərpa işlərini yerindəcə görmək imkanı yaradılıb. İmarət kompleksindəki açıq hava altında epiqrafik nümunələrin təqdimatı və muzeyin ekspozisiyası marağa səbəb olub. Mütəxəssislər bərpa işləri və ekspozisiya haqqında fikirlərini kompleks əməkdaşları ilə bölüşüblər. Miras İctimai Birliyinin nəşrləri kompleksin kitabxanasına hədiyyə olunub.
İnfotur iştirakçıları Ağdam şəhərində yerləşən və Xurşidbanu Natəvan tərəfindən tikilməsi haqqında xalq rəvayətləri olan hamama baxış keçiriblər. Hamam öz tarixi görkəmi və memarlıq üslubu ilə diqqəti cəlb edir. Mütəxəssislər aparılan genişmiqyaslı quruculuq işləri gedişində Ağdam hamamının qorunmasının və bərpasının əhəmiyyətini qeyd ediblər. Hamamın fotoları çəkilərək sənədləşdirilib. Ümumiyyətlə, hamam çevrəsinin kompleks şəkildə qorunması və bərpasına ehtiyac var. Şəhərdə üzərində epiqrafik nümunələr olan çox sayda binaların qalıqlarına da rast gəlinir.
İnfotur iştirakçıları Qara Pirim kimi tanınan məşhur sufi şeyxi Pir Məhəmmədin Papravənd qəbiristanlığındakı türbəsini və xanəgahını ziyarət ediblər. Türbənin ətrafındakı gözəl işləməli və yazılı qəbir daşlarının fotoları çəkilərək sənədləşdirilib. Xanəgahın bişmiş kərpicdən olan qalıqlarına baxış keçirilərkən divar bəzəkləri, kaşılar da aşkarlanıb. Miras İctimai Birliyi Ağdam azad olunandan Qarapirimli xanəgahının arxeoloji baxımdan öyrənilməsi üçün aidiyyəti üzrə müraciətlər edib. Şeyx Qara Pirim həm Şəms Təbrizinin nəslindəndir, həm də Osmanlı şeyxülislamı Feyzullah əfəndinin babasıdır. Qarapirimli xanəgahı yarandığı vaxtdan fəal olub.
İnfotur iştirakçıları Qiyaslı məscidində görülən işlərlə tanış olublar. Mütəxəssislər iş icraçılarına yerindəcə bəzi tövsiyələr veriblər.
Miras İctimai Birliyi infoturun nəticələrinə əsasən mədəni irs abidələrinin öyrənilməsi, qorunması, bərpa və konservasiyası, təbliği sahəsində öz imkanlarını bütün dövlət, özəl və bələdiyyə qurumları ilə bölüşməyə və işləməyə hazır olduğunu bir daha bəyan edir.
|
|