Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Azərbaycan Turizm İnstitutunda arxeoloji turizmə həsr olunmuş seminar keçirilib
6.10.2011
Facebook
Twitter Google Myspace

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində 5 oktyabr 2011-ci ildə Azərbaycan Turizm İnstitutunda seminar keçirib.

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində 5 oktyabr 2011-ci ildə Azərbaycan Turizm İnstitutunda seminar keçirib.
Layihənin donoru Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.
Azərbaycanda Turizm ili kimi qeyd olunan 2011-ci ildə gerçəkləşdirilən “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsinin və eləcə də, layihə çərçivəsində keçirilən seminarların məqsədi Azərbaycanda arxeoloji turizmi təbliğ edərək bu sahənin inkişafına nail olmaq, tarixi-arxeoloji abidələrimizə diqqəti artırmaq, onların qorunmasını təmin etmək, arxeologiya elminə marağı genişləndirməkdən ibarətdir.
Seminarda “Miras” İB sədrinin müavini Arzu Soltan “Miras” İctimai Birliyi və onun fəaliyyəti haqqında məlumat verib, “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsinin ictimai birliyin həyata keçirdiyi layihələrdən biri olduğunu vurğulayıb. Layihənin rəhbəri Rəşad İbrahimov Azəbaycanda yeni sahə olan arxeoloji turizmin ənənəvi turizmdən fərqi, layihə çərçivəsində görülmüş və görüləcək işlərdən danışıb.
Daha sonra “Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Arxeoloji mirası qorumaq və təbliğ etmək üçün onu sevmək və sevdirmək lazımdır" mövzusunda görüntülü təqdimatla çıxış edib. Natiq çıxışında Azərbaycanın bir sıra bölgələrindəki nadir arxeoloji abidələrdən danışıb və onların qorunub təbliğ olunmasının zəruriliyini vurğulayıb. F.Xəlilli həmçinin onu da bildirib ki, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar aparıb. Qazıntılar nəticəsində XVIII əsrə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarılıb. Tapıntılar içərisində çoxsaylı numizmatik materiallar, nadir sənət nümunələri, habelə Ağsu şəhərinin dünyanın bir sıra ölkələri və şəhərləri ilə olan ticarət və mədəni əlaqələrindən xəbər verən digər materiallar var.
Tarix elmləri doktoru, professor, Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyev seminar iştirakçılarına müstəqillik illərində Azərbaycanda arxeoloji abidələrin tədqiqi sahəsində əldə edilən uğurlar haqqında məlumat verib. O, hazırda Azərbaycanda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə 40-a yaxın arxeoloji tədqiqatın aparıldığını, xarici mütəxəssislərin Azərbaycan arxeologiyasına marağını və bilavasitə bu tədqiqatlara qatıldığını qeyd edib. Onun sözlərinə görə, dünyanın müxtəlif ölkələrindən gələn elm adamlarının bu sahəyə marağı həm də bütövlükdə dünya tarixinin öyrənilməsi ilə bağlıdır.
Seminarda həmçinin “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində hazırlanmım archaeotourism.az saytı təqdim olunub. Seminar mövzu ətrafında müzakirələrlə davam etdirilib. Turizm İnstitunun ictimai fənlər kafedrasının müdiri İbrahim Əliyev seminarın çox faydalı mövzuya toxunduğunu vurğulayaraq təşkilatçılara və donora təşəkkürünü bildirib.
Tədbirdə Turizm İnstitutunun müəllim və tələbələri, elm adamları, KİV təmsilçiləri iştirak edib.

http://miras.org.az/?/az/news/view/166