Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Arxeoloji turizmə maraq artır
24.10.2011
Facebook
Twitter Google Myspace

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində 24 oktyabr 2011-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində seminar keçirdi.  

“Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində 24 oktyabr 2011-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində seminar keçirdi. Layihənin donoru Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasıdır.
Azərbaycanda Turizm ili kimi qeyd olunan 2011-ci ildə gerçəkləşdirilən “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsinin və eləcə də, layihə çərçivəsində keçiriləm seminarların məqsədi Azərbaycanda arxeoloji turizmi təbliğ edərək bu sahənin inkişafına nail olmaq, tarixi-arxeoloji abidələrimizə diqqəti artırmaq, onların qorunmasını təmin etmək, arxeologiya elminə marağı genişləndirməkdən ibarətdir.
Seminarı kulturologiya fakültəsinin dekanı, fəlsəfə elmləri namizədi, dosent Abdin Əlizadə açdı. O, Turizm ili çərçivəsində belə tədbirlərin dəyərli olduğunu vurğuladı.
“Miras” İctimai Birliyi və onun fəaliyyəti haqqında ətraflı məlumat verən ictimai birliyin sədrinin müavini Arzu Soltan qurumun mədəni irsin öyrənilməsi istiqamətində əlindən gələn hər sahədə layihələr həyata keçirdiyindən danışdı. O, öz çıxışında “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsuda apardığı arxeoloji qazıntılar, Ağsuda yaradılan turizm kompleksi ətrafında aparılan digər işlər, seminarlar, nəşr olunan kitablar, infoturlar, veb səhifələr haqqında məlumat verdi. “Miras” jurnalı və eləcə də ictimai birliyin digər layihələri, Avropadan gələn 28 rəssamın Azərbaycanla tanışlığında ictimai birliyin rolu, Türkiyənin Amasya şəhərində keçiirilən “Ağsu möcüzəsi” sərgisi, “Azərbaycandan Amasiyaya Şirvanlılar” konfransı, “Mövlanə İsmayıl Siracəddin Şirvani və Qafqazlı müridlər” kitabını təqdimatı və başqa məsələlərə toxundu.
Daha sonra “Miras” İB-nin idarə heyətinin üzvü, “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsinin rəhbəri Rəşad İbrahimov çıxış etdi. Layihə çərçivəsində görülən işlər və onun məqsədləri haqqında geniş informasiya verən R.İbrahimov qeyd etdi ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kulturologiya fakültəsində təşkil edilən seminar bu silsilədən ikinci tədbirdir. Bu mövzuda ilk seminar Azərbaycan Turizm İnstitutunda keçirilib və müsbət rezonans doğurub. Layihə rəhbəri onu da qeyd etdi ki, Azərbaycanda yeni sahə olan arxeoloji turizmin təbliği məqsədilə, layihə çərçivəsindəseminarlarla yanaşı, archaeotourism.az saytı yaradılıb, Azərbaycan və ingilis dillərində “Azərbaycan inciləri” adlı buklet nəşr olunub, “Azərbaycan abidələr diyarıdır” adlı film çəkilib.
Seminarda “Miras” İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli "Arxeoloji mirası qorumaq və təbliğ etmək üçün onu sevmək və sevdirmək lazımdır" mövzusunda görüntülü təqdimatı iştirakçıların diqqətinə çatdırıldı. Qeyd olundu ki, Azərbaycanın bir sıra bölgələrində nadir arxeoloji abidələr var və onların qorunub təbliğ olunması zəruridir. F.Xəlillinin məruzəsində həmçinin o da qeyd olundu ki, “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar aparıb. Qazıntılar nəticəsində XVIII əsrə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarılıb. Tapıntılar içərisində çoxsaylı numizmatik materiallar, nadir sənət nümunələri, habelə Ağsu şəhərinin dünyanın bir sıra ölkələri və şəhərləri ilə olan ticarət və mədəni əlaqələrindən xəbər verən digər materiallar var.
Tarix elmləri doktoru, professor, Ağsu arxeoloji ekspedisiyasının rəisi Qafar Cəbiyevin məruzəsində seminar iştirakçılarına müstəqillik illərində Azərbaycanda arxeoloji abidələrin tədqiqi sahəsində əldə edilən uğurlar haqqında məlumat verildi. Tədbir iştirakçıları hazırda Azərbaycanda AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun rəhbərliyi ilə 40-a yaxın arxeoloji tədqiqatın aparıldığını, xarici mütəxəssislərin Azərbaycan arxeologiyasına marağını və bilavasitə bu tədqiqatlara qatıldığını öyrəndilər. Qeyd olundu ki, dünyanın müxtəlif ölkələrindən gələn elm adamlarının bu sahəyə marağı həm də bütövlükdə dünya tarixinin öyrənilməsi ilə bağlıdır.
Seminarda həmçinin “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi çərçivəsində çəkilmiş “Azərbaycan abidələr diyarıdır” filmi təqdim edildi. Filmin çəkilişini gerçəkləşdirən AktivMedia şirkətinin rəhbəri Teymur Nəcəfzadə onu təqdim edərkən tələbələri bu seminarda aldıqları informasiyadan maksimum yararlanmağa çağırdı. Qeyd etdi ki, Azərbaycanda yalnız bu universitetdə tədris olunan kulturologiya mütəxəssislərinə ehtiyac durmadan artır və gənclər belə seminarları öz gələcək karyeralarını qurmaq yolunda bir şans kimi qiymətləndirməlidirlər.
Universitetin Mədəniyyətşünaslıq kafedrasının müdiri Sədaqət Əliyeva çıxış edərək ”Miras” İB-nin fəaliyyətini təqdirəlayiq hesab etdiyini və xüsusilə “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsinin bu təhsil ocağının tələbələri üçün faydalı olacağını bildirdi.
Tədbirin sonunda “Miras” İB-nin təmsilçiləri tələbələrin Ağsu ekspedisiyası, arxeoloji turizm, turizm marşrutlları və s. ilə bağlı suallarını cavablandırdılar. Tələbələr həmçinin Ağsuya, arxeoloji tədqiqatlar aparılan digər bölgələrə səfərlərlə bağlı müxtəlif təkliflər verdilər. Layihəyə daha yaxından qatılmaq üçün yerindəcə “Miras” İB-ə üzv olanlar da oldu.
Yekunda fakültənin dekanı Abdin Əlizadə belə seminarın universitetin başqa fakültələrinin tələbələri üçün də təşkil olunmasını arzu etdiyini bildirdi.