XƏBƏRLƏR |
MİRAS QARA DƏNİZ TURİZM VƏ SƏYAHƏT SƏRGİSİNDƏ |
18.11.2011 |
Facebook Twitter Google Myspace |
Noyabrın 24-27-də Türkiyənin Trabzon şəhərində Trabzon Valiliyi, Trabzon Bələdiyyə Başkanlığı, Trabzon Ticarət və Sənaye Odası, Trabzon İl Kültür Turizm Müdürlüyü tərəfındən dəstəklənən və Tureks Fuarcılık tərəfındən təşkil edilən II Qara dəniz Turizm və Səyahət Sərgisi keçiriləcək. |
Türkiyədən və başqa ölkələrdən 100-dən çox firma və agentliyin qatılacağı sərgidə Azərbaycanı MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi (www.miras.org.az) təmsil edəcək. Məlumat üçün deyək ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası 2010-2011-ci illərdə Orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlar aparıb. Qazıntılar nəticəsində XVIII əsrə aid çoxlu tikinti qalıqları, zəngin maddi-mədəniyyət nümunələri aşkara çıxarılıb. Tapıntılar içərisində həmçinin çoxsaylı numizmatik materiallar, nadir sənət nümunələri, habelə Ağsu şəhərinin dünyanın bir sıra ölkələri və şəhərləri ilə olan ticarət və mədəni əlaqələrindən xəbər verən digər materiallar var.
Ötən il Milli Azərbaycan Tarixi Muzeyi və Ağsu Tarix Diyarşünaslıq Muzeyində həmin tapıntılardan ibarət sərgilər təşkil olunub.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında” Azərbaycan Respublikası Prezidentinin 21 yanvar 2011-ci il tarixli Sərəncamından irəli gələn vəzifələrə uyğun olaraq Türkiyənin Amasiya şəhərində Ağsu arxeoloji ekspedisiyası materiallarından ibarət rəsm və foto sərginin təşkili layihəsini gerçəkləşdirib. Sərginin açılışı və “Azərbaycandan Amasyaya şirvanlılar” konfransı oktyabrın 14-də baş tutub. Sərgi noyabrın 3-dək davam edib.
Hazırda həmin sərgi materiallarının Trabzonda 2-ci Qara dəniz Turizm və Səyahət Sərgisində nümayiş olunması nəzərdə tutulur. Eyni zamanda, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu ilin avqust-oktyabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının donorluğu ilə “Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsini həyata keçirib. Sərgidə bu layihə çərçivəsində görülmüş işlərin nəticələri, Azərbaycanın arxeoloji irsi, “Azərbaycan inciləri” bukleti və “Azərbaycan abidələr diyarıdır” filminin də nümayiş oilunması nəzərdə tutulur.
Noyabrın 25-də Qara dəniz Teknik Universitetinin konfrans zalında “Azərbaycan-Trabzon əlaqələri tarixdə” mövzusunda seminar keçiriləcək. Seminarda Azərbaycanın tarixçi və arxeoloq alimləri məruzə ilə çıxış edəcək. |
|