Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Ağsuda yenə qızıl tapıldı
11.7.2012
Facebook
Twitter Google Myspace

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası 2010-cu ilin mart ayından Orta əsr Ağsu şəhər yerində tədqiqat aparır.

Məlum olduğu kimi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü və dəstəyi ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyası 2010-cu ilin mart ayından Orta əsr Ağsu şəhər yerində tədqiqat aparır. Tarix elmləri doktoru Qafar Cəbiyevin rəhbərlik etdiyi ekspedisiya bu günədək 15000 kv.m-ə qədər sahəni arxeoloji cəhətdən öyrənməklə, Azərbaycanın son orta əsrlər tarixinə dair çoxsaylı maddi-mədəniyyət nümunələri aşkara çıxarıb.
İyulun 11-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində keçirilən brifinq bu yaxınlarda Ağsu ekspedisiyasının aşkar etdiyi qızıl dəfinəyə həsr olunmuşdu.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı son dövrlərdə tarix, mədəniyyət, arxeologiya sahəsinə ölkə rəhbərliyi səviyyəsində diqqətin nəticəsi olaraq ölkə ərazisində onlarla arxeoliji ekspedisiyanın keçirildiyini vurğuladı. Son orta əsr Ağsu şəhər yerində həyata keçirilən ekspedisiya da bunlardan biridir. N.Vəlixanlı bu il iyunun 22-də həmin yerdən tapılan qızıl dəfinəsinin Azərbaycan tarixinin müəyyən mərhələsinin öyrənilməsində müstəsna rola malik olduğunu qeyd etdi və bildirdi ki, həmin qızıl sikkələr qanunvericiliyə uyğun olaraq muzeyin qızıl fonduna təhvil verilib.
AMEA Arxeologiya və Etnoqrafiya İnstitunun direktoru Maisə Rəhimova qeyd etdi ki, Ağsu şəhər yerindən aşkarlanan dəfinə Azərbaycanın ən qədim insan məskəni və sivilizasiya mərkəzlərindən biri olduğunu bir daha sübut edir. Onun sözlərinə görə, Ağsuda tədqiqatlar hələ davam edir və ümid edirik ki, tariximizin öyrənilməsində mühüm rol oynayan yeni-yeni nadir tapıntılar aşkarlanacaq.
Ekspedisiyanın rəisi, tarix elmləri doktoru Qafar Cəbiyev Ağsu tədqiqatların gerçəkləşməsinə görə ölkə başçısına, AMEA-nın, AMEA Tarix Muzeyi və Arxeologiya və Etnoqrafiya İnstitutunun, Ağsu rayonu rəhbərliyinə, eləcə də ekspedisiyanı maliyyələşdirən. “MİRAS” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinə təşəkkürünü bildirdi. Qafar Cəbiyev daha bir təzə xəbəri KİV təmsilçilərinin diqqətinə çatdırdı. Onun verdiyi məlumata görə, bu il iyulun 9-da Son Orta əsr Ağsu şəhər yerində daha bir qızıl əşya aşkarlanıb. Belə ki, qazıntı torpağı yenidən ələnərkən bir ədəd qızıl bəzək əşyası tapılıb. Həmin qızıl bəzək əşyası da AMEA Milli Azərbaycan Tarixi Muzeyinə təhvil veriləcək.
Ekspedisiyanın rəhbəri qeyd edib ki, indiyə kimi tədqiqatlar nəticəsində qızıldan çox-çox dəyərli tapıntılar olub. Onun sözlərinə görə, yaxşı arxeoloq yalnız çox qazan və çox tapan deyil, qazdıqlarını yazandır. O, Ağsu arxeoloji ekspedisiyanın tapıntılarına həsr olunmuş artıq 4-cü kitabın çapa hazırlandığını KİV təmsilçilərinin diqqətinə çatdırıb.

Numezmat alim Əli Rəcəbli bu dəfinənin arxeoloqlar tərəfindən aşkarlanmış ilk belə dəfinə olduğunu deyib. Onun sölərinə görə, təsadüfi adamlar dəfinələr tapırlar, amma onların hamısı tam olaraq gəlib muzeyə çatmır.
Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı KİV təmsilçilərini oxucuları maarifləndirməyə çağırıb, tapılan dəfinələrin maddi dəyərindən çox tarixi və elmi əhəmiyyətini insanların diqqətinə çatdırmağı tövsiyə edib. Onun sözlərinə görə, bu həm də dəfinəni tapan adamın adının tarixə düşməsi deməkdir.
N. Vəlixanlı sonda qeyd edib ki, AMEA Rəyasət Heyətinin sərəncamı ilə Ağsu arxeoloji ekspedisiyasının rəhbəri və üzvlərinə təşəkkür elan olunub və onlara pul mükafatı verilib.