Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
"Dəfinələr sorağında"- Ağsu Ekspedisiyasının rəisi Qafar Cəbiyevin Xalq qəzetinə müsahibəsi
27.7.2012
Facebook
Twitter Google Myspace

Mətbuatdan məlum olduğu kimi, bu yaxınlarda Orta əsr Ağsu şəhər yerində tədqiqatlar davam etdirilərkən arxeoloqlar qızıl sikkələrdən ibarət dəfinə tapıblar.

Mətbuatdan məlum olduğu kimi, bu yaxınlarda Orta əsr Ağsu şəhər yerində tədqiqatlar davam etdirilərkən arxeoloqlar qızıl sikkələrdən ibarət dəfinə tapıblar. Oxucu marağını nəzərə alaraq, mütəxəssislərin nadir hadisə kimi dəyərləndirdikləri bu tapıntı ilə bağlı təfərrüatları öyrənmək məqsədilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu Ağsu arxeoloji ekspedisiyasının rəisi, tarix elmləri doktoru Qafar Cəbiyevlə görüşüb söhbət etməyi qərara aldıq.
-Qafar müəllim, əvvəlcə istərdik ki, Ağsu arxeoloji ekspedisiyası və onun fəaliyyəti barədə yığcam məlumat verəsiniz.
-Bu ekspedisiya 2010-cu ildə "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü əsasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən təşkil olunub. Ekspedisiyanın bütün maliyyə xərcləri "Miras" İctimai Birliyi tərəfindən ödənilir. Ötən müddət ərzində Orta əsr Ağsu şəhər yerində artıq 15000 kvadratmetrə yaxın sahədə tədqiqat aparılıb. Şəhərin bir sıra mühüm ictimai binaları, küçə və meydanları, cümə məscidi, sənətkar emalatxanaları, su təchizatı və kanalizasiya xətləri, nəhəng su və ərzaq anbarları aşkar edilərək tədqiq olunmuşdur. Axtarışlar nəticəsində üzə çıxan zəngin maddi- mədəniyyət nümunələri içərisində, təbiidir ki, yerli istehsal nümunələri çoxluq təşkil edir. Amma Avropa, Rusiya, İran və Çin mallarından ibarət tapıntılar da az deyildir. Tapıntılar arasında müxtəlif vaxtlarda Ağsuda, Azərbaycanın digər şəhərlərində, habelə xarici ölkələrdə zərb olunmuş çoxsaylı pullar da vardır.
-Bəs qızıl pullardan ibarət dəfinə necə tapıldı?
-Müşahidələrimə əsasən deyə bilərəm ki, arxeoloqlarla təmasda olan insanları hər şeydən çox məhz qızıl maraqlandırır. Biləndə ki, arxeoloqsan, qazıntı aparırsan, ilk sual da elə bu olur: - Heç qızıl tapmısınız? İnanın, tələbə də, müəllim də, alim də, nazir də, deputat da ilk olaraq qızılla maraqlanır. Doğrusu, bu qəbildən olan suallar bir mütəxəssis kimi məni çox qıcıqlandırır. Amma nə etməli, görünür mentalitetimiz belədir. O ki, qaldı Ağsuda tapılan qızıllara, hə, bu barədə həqiqətən danışmağa dəyər. Əhvalat nağıllarda deyildiyi kimi, belə vaqe oldu: Həmişə olduğu kimi, iyunun 22-də də səhər saat 7-də elmi heyət sahəyə yollandı, mən isə Milan konfransı üçün məruzə hazırlamaq niyyəti ilə bazada qaldım. Saat 9-un yarısında elmi işçi Elmira xanım Abbasova mənə telefon açaraq qızıl tapıldığını bildirdi. Dərhal sahəyə getdim. Dəfinəni qazıntıda iştirak edən fəhlələrin və elmi işçilərin iştirakı ilə sənədləşdirdik, fotolarını çəkdik.
İyunun 23-ü və 24-ü iş günü olmadığından akademiyaya getməyə dəyməzdi. Odur ki, vaxt itirmədən iki gün ərzində zəruri elmi araşdırmalar aparıldı. Qızıl sikkələrin buraxılma tarixi, zərb olunduğu yer, çəkisi, ölçüsü, əyarı, kommersiya dəyəri barədə məlumatlar toplandı. Dəvətimiz əsasında AMEA-nın Radiasiya Problemləri İnstitutunun əməkdaşı Dinara xanım Abbasova müasir texnoloji standartlara cavab verən cihazların köməyi ilə sikkələrdən bir neçəsinin dəqiq əyarını müəyyən etdi. Bu işlərlə paralel olaraq, gələcəkdə xüsusi kataloq nəşr etdirmək məqsədilə peşəkar fotoqraf tərəfindən sikkələrin rəngli, nəfis fotoları çəkildi.
İyunun 25-də Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru Maisə xanım Rəhimova ilə görüşərək tapıntı barədə ona məlumat verdim və xahiş etdim ki, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə xanım Vəlixanlı ilə danışsın. Onların telefon danışığından dərhal sonra mən Tarix Muzeyinə getdim və dəfinəni Qızıl və Əntik Əşyalar Fonduna təhvil verdim. Yalnız bundan sonra tapıntı ilə bağlı KİV-lərə ilkin informasiya ötürdük.
Məlumat üçün bildirək ki, dəfinəyə daxil olan 37 ədəd sikkənin hamısı Holland istehsalı olan qızıl dukatlardır. Sikkələrin əyarı 986, diametri 21,8 mm, qalınlığı 1,3 mm, leqal çəkisi 3,49 qram, forması dairəvi, kənarı döyülmüş, üzəri zərb olunmuşdur.
Sikkələrin aversində (üzündə) latın dilində yazısı olan ornamentli kvadrat lövhə vardır. Üzərində qısaldılmış halda "MO.ORD.PROVİN.FOEDER.BELG.AD.LEG.IMP." yazılmışdır. Yazının latın dilində açılışı belədir: "Moneta ORDinum PROVİNciarum FOEDERatorum BELGicarum AD LEGem IMPerii". Tərcüməsi belədir: "İmperiya qanununa uyğun olaraq Belçika Əyalət Federasiyası hökumətinin sikkəsidir".
Sikkələrin reversində (digər üzündə) mərkəzdə zirehli cəngavər təsvir olunmuşdur. Cəngavərin sağ əlində çiyninə qaldırdığı qılınc, sol əlində ox dəstəsi vardır. Cəngavərin sağ tərəfində dördrəqəmli miladi tarixin ilk iki rəqəmi, sol tərəfində isə son iki rəqəmi zərb olunmuşdur. Üzərində latın dilində qısaldılmış şəkildə "CONCORDİA.RES.PAR.CRES.HOL." yazılmışdır. Yazının latın dilində tam açılışı belədir: "CONCORDİA RES PARvae CREScunt HOLIandiae." Yazı belə tərcümə olunur: "Uzlaşmış kiçik əşyaların çoxalması ilə - Hollandiya". Əslində, bu, "Güc birlikdədir" mənasını verir.
Analoji sikkə nümunələri XVIII əsrdə dünyanın müxtəlif ölkələrində geniş yayılmışdır. Mütəxəssislərin fikrincə, o dönəmdə holland qızıl dukatları öz əhəmiyyəti etibarilə bugünkü ABŞ dolları qədər geniş yayılmış və populyar pul vahidi hesab olunurdu. Başqa sözlə, holland qızıl dukatları yüksək əyarı ilə seçildiyindən faktiki olaraq bütün Avropa məkanının universal valyutası idi. Bu sikkələr o dərəcədə məşhur və dəyərli idi ki, hətta bəzi ölkələrdə dövriyyəyə saxta holland dukatları da buraxılmışdı. Məsələn, 1768-1867-ci illərdə Sankt-Peterburq zərbxanalarında külli miqdarda, həm də kifayət qədər yüksək əyarlı saxta qızıl holland dukatları zərb olunub. Özü də bu saxtakarlıq dövlət səviyyəsində həyata keçirilib.
Maraqlıdır ki, o zaman Rusiyanın rəsmi dairələrində "məlum sikkə" adı ilə tanınan bu saxta dukatlar ancaq xarici hərbi ekspedisiyalara ezam olunan şəxslərə verilirdi. Sonralar Rusiya hökuməti tərəfindən xarici ölkələrin iştirakı ilə həyata keçirilən çoxsaylı digər leqal və ya qeyri-leqal maliyyə əməliyyatlarında da həmin saxta dukatlardan geniş istifadə olunmağa başlanıb. Bəzi məlumatlara görə, təkcə 1806-1867-ci illərdə Sankt-Peterburqda 24,5 milyon ədəddən çox saxta qızıl dukat zərb olunub. Bu da qızıl dukatın əsl vətəni olan Hollandiyanın özündə olduğundan 2 dəfə çoxdur. Əlbəttə, dövriyyəyə bu qədər saxta dukat buraxılması diqqəti cəlb etməyə bilməzdi. Təbiidir ki, Hollandiya hökuməti bir qədər gec olsa da, bunu hiss etdi. Görünür, bu məsələdə Rusiya hökumətinin içərisindən sızan informasiyaların da rolu az olmayıb. Bütün bunların nəticəsi olaraq 1868-ci ildə Hollandiya hökuməti Rusiya tərəfindən rəsmi izahat tələb etdi. Bununla da Rusiyada saxta holland dukatlarının zərbinə son qoyulmuş oldu.
- Qeyd etdiniz ki, Rusiyada zərb olunan saxta holland dukatları da kifayət qədər yüksək əyarlı qızıldan hazırlanırdı. Saxta dukatı əslindən fərqləndirmək yəni, o qədər çətin idi?
- Mütəxəssislərin rəyincə, ilk baxışda holland və rus dukatlarını bir-birindən fərqləndirmək bir o qədər də asan deyil. Baxmayaraq ki, məhz həmin mütəxəssislərin özlərinin bildirdiyi kimi, diqqətlə nəzər yetirdikdə bu sikkələr arasında xırda fərq və uyğunsuzluqlar tapmaq mümkündür. Dəyərinə gəldikdə isə, çox qəribədir ki, auksionlarda rus dukatları saxta olmasına baxmayaraq holland dukatlarından 3-4 qat baha qiymətə satılır. Məsələn, bu yaxınlarda keçirilmiş auksionların birində 1828-ci ilə aid rus dukatı 17000 rubla, iyunda keçirilən başqa bir auksionda isə 1837-ci ilə aid rus dukatı 31000 rubla satılıb.
Ağsuda tapılan qızıl dukatların holland, yaxud rus dukatları olduğunu müəyyən etmək, əlbəttə ki, mütəxəssislərin işidir. Amma hansı ölkədə zərb olunmasından asılı olmayaraq Ağsu dəfinəsinə daxil olan dukatların kommersiya, xüsusən də elmi dəyəri kifayət qədər yüksəkdir.
Ağsu dəfinəsi tariximiz üçün senssasiya əhəmiyyətli bir tapıntıdır. Təbiidir ki, bu tip tapıntılar orta əsrlər dövründə Azərbaycan şəhərlərinin Avropa və dünya ticarətində iştirakı ilə bağlı bir sıra məsələləri elmi cəhətdən daha müfəssəl öyrənməyə imkan yaradacaqdır. Ekspedisiya tərəfindən dəfinə ilə bağlı tədqiqatlar davam etdirilməkdədir.
- Belə demək olarmı ki, Ağsu ekspedisiyası dəfinə axtarışlarını davam etdirəcək?
- Qızıl, daş-qaş, dəfinə tapmaq, əlbəttə, hər bir arxeoloq üçün xoş olsa da, əsas hədəf deyil. Arxeoloqlar daha çox tariximizin yer altında yatan qaranlıq səhifələrini öyrənməkdə maraqlıdır. Xalqın tarixi keçmişinə bələdçilik edən hər hansı bir maddi-mədəniyyət nümunəsi - istər daş alət olsun, istərsə də adi saxsı qırığı - arxeoloq üçün qızıldan qiymətlidir. Azərbaycanın ən qədim insan məskənlərindən biri olduğunu sübuta yetirən Azıx mağarasından tapılmış azıxantropun - ibtidai insanın çənə sümüyünün elmi dəyəri indiyədək aşkara çıxarılmış hansı dəfinədən azdır? İnanın, Ağsu qazıntıları zamanı tapdığımız XII əsrə aid bir neçə kiçik şirli kasa parçası mənim üçün, elə elmimiz üçün də neçə-neçə qızıl dəfinəsindən dəyərlidir.
- Amma qızıl həmişə qızıldır, bütün dövrlərdə ona maraq böyük olub. Bu gün də azalmayıb, əksinə artıb...
- Təbiidir, Ağsu dəfinəsinin tapılması, sanki, yatanları da oyatdı. Olayla bağlı mətbuat və sosial şəbəkələrdə müşahidə olunan canlanma, reaksiya da bunu deyir. Mən əminəm ki, əgər bu günlər gənclər arasında peşə seçimi ilə bağlı sorğu keçirilərsə, arxeoloq olmaq istəyənlərin sayının 3-5 ay əvvəl olduğu ilə müqayisədə xeyli artdığını görərik.
Məlumat üçün bildirim ki, XIX əsrin sonlarından etibarən Azərbaycan ərazisində dəfinə və antik əşyalar axtarışı xüsusilə geniş vüsət alıb. O illərdə Qarabağda, Naxçıvanda, Daşkəsəndə, Gədəbəydə və Lənkəran bölgələrində qızıl axtaranların, xüsusən də xarici ölkələrdən olan şəxslərin tarixi abidələrə bir növ total hücumu müşahidə olunub. Beləliklə, qalalar, kurqanlar, daş heykəllər və daş qutu qəbirlər dağıdılıb, tapılan materiallar isə talan edilərək gizli yollarla ABŞ, Almanya, Fransa, İsveç, Hollandiya və sair ölkələrə daşınıb. XIX əsrin sonu-XX əsrin əvvəllərində qızılaxtaranların Şirvan bölgəsində, xüsusən də Şamaxı ətrafında intensiv axtarışları olub. O zaman başlıca hədəf Makedoniyalı İsgəndərin xəzinəsini tapmaq arzusu idi. Qəribədir, İskəndərin və onun adamlarının heç zaman olmadığı yerdə onun nə vaxtsa gizlətmiş olduğu xəzinəni axtarırdılar. Maraqlıdır ki, bu axtarışlar barədə məlumatlar hətta həmin dövrün nəşrlərində də özünün geniş əksini tapıb. Amma İskəndərin dəfinəsini tapan olmayıb.
Növbəti qızıl dəfinəsi axtarışı XX əsrin 80-ci illərində Qəbələdə olub. Əvvəllər polis orqanlarında çalışan və sağlamlıq durumunda yaranan problemlə bağlı təqaüdə çıxan Vəndam kənd sakini Sabir Əhmədovun təşəbbüsü və rəhbərliyi ilə Girvə ərazisində Teymurləngin "basdırmış" olduğu 25 dəvə yükü qızılın axtarışına başlayıblar. O zaman Sabirin maliyyələşdirdiyi və rəhbərlik etdiyi bu axtarışlar əsasən gecələr, həm də gizli aparılsa da, hətta Elmlər Akademiyasında da bundan xəbərdar idilər. Amma Sabirin axtarışları nəticəsiz qaldı.
1992-ci ildə, AXC-nin hakimiyyəti dövründə Sabirin məlumatları əsasında Girvədə dövlət səviyyəsində daha irimiqyaslı axtarışlara başlanıldı. Dəfinə tapmaq hərisliyi ilə əraziyə çoxlu texnika və əsgəri qüvvə gətirdilər. Axtarışların lap qızğın çağında xidməti işimlə bağlı Qəbələyə getmişdim. İcra başçısı və hüquq-mühafizə orqanlarından birinin rəhbəri mənə təklif etdi ki, Girvəyə gedək. Mən etiraz etdim. Dedim ki, 80-ci illərdə orada olmuşam və fikrimi də elə o zaman mətbuatda çap etdirmişəm. Mənim düşüncəmə görə, Girvədə Teymurləngin xəzinəsini axtarmaq Şeyx Nəsrullahın "ölü diriltməsi"nə bənzəyir.
Təbiidir ki, mənim bu sözlərim rayon rəsmilərinin xoşuna gəlmədi. Dedilər ki, əşi, sən nə danışırsan, nazir müavini özü bir neçə dəfə orada olub. Moskvadan xüsusi olaraq qızılaxtaran cihaz gətiriblər. Hansı ki, həmin cihaz orada xəzinə olduğunu göstərir. Bir sözlə, gördüm ki, kişilər möhkəm inad edirlər, mən də inadımdan dönmədim. Dedim ki, 10-12-il öncə mətbuatda yazdıqlarımı bir daha təkrar edirəm: Girvədə, yerin dərin qatlarında, bəlkə də, qızıl yataqları ola bilər. Bunu müəyyən etmək geoloqların işidir. Amma qəti şəkildə bildirirəm ki, orada Teymurləngə aid heç bir dəfinə və ya xəzinə ola bilməz. Onu axtarmaq da mənasız bir işdir.
Beləliklə, Girvədə təqribən bir ay davam edən növbəti "axtarışlar"ın da sonu nəticəsiz oldu. Yeganə müsbət nəticə o oldu ki, 16-17 metr dərinlikdə gözəl bir bulaq üzə çıxdı ki, bu da ətraf ərazidə yaşayan sakinlər üçün, həqiqətən, çox qiymətli tapıntı oldu.
Təəccüblüdür ki, Girvədə xəzinə axtarışı bununla da bitmədi. Sonralar Sabir Əhmədov və digərləri aidiyyatı orqanlara təkrar-təkrar müraciət etməklə öz "ideyalarını" yenidən cücərtməyə çalışdılar. Yenidən nəzərlər Girvəyə yönəldi. Amma növbəti dəfə də xəzinə axtarışı uğursuzluqla nəticələndi.
Son olaraq onu demək istərdim ki, leqal və ya qeyri-leqal, qanuni və ya qeyri-qanuni yolla və üsullarla dəfinə, qızıl axtarışları hər zaman olub. Qızıl və dəfinə axtaranlar bu gün də var və onlar heç də bekar dayanmırlar. Ayrı-ayrı abidələrdə qeyri-müəyyən vaxtlarda və qeyri-müəyyən şəxslər tərəfindən aparılmış olan qanunsuz qazıntı və axtarışlar buna sübutdur. Görünür, bazarda əntik əşyaların dövriyyəsinə nəzarəti gücləndirməyə də ehtiyac var. Gəlin, aydınlaşdıraq görək, satışa çıxarılan çoxsaylı nadir, həm də qədim sənət nümunələri, o cümlədən qızıl məmulatı haradan əldə olunur?! Tam məsuliyyətlə deyə bilərəm ki, onların əksəriyyəti tarixi-arxeoloji abidələrdən tapılmış əşyalardır.
 

Söhbəti apardı: Qüdrət PİRİYEV, "Xalq qəzeti"

xalqqazeti.com/az/interview/defineler-soraghinda