Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Şirvan Xəzinəsinə Aparan Yollar Buğurd qalasından keçir
15.8.2012
Facebook
Twitter Google Myspace

2011-ci ilin iyun ayından MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Heritage Travel Turizm Şirkəti ilə birlikdə Şirvan Xəzinəsinə Aparan Yollar mədəni ris turları həyata keçirir 

2011-ci ilin iyun ayından MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi Heritage Travel Turizm Şirkəti ilə birlikdə Şirvan Xəzinəsinə Aparan Yollar mədəni ris turları həyata keçirir. İlk tur Azərbaycanın müxtəlif media qurumlarını təmsil edən jurnalistlərlə Orta əsr Ağsu şəhərinə təşkil olunmuşdu. İnfotur xarakteri daşıyan və media işçiləri tərəfindən maraqla qarşılanan həmin tur zamanı Diri Baba türbəsi, Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi və Orta əsr Ağsu şəhəri ziyarət olunmuşdur.
12 avqust 2012-ci ildə MİRAS İctimai Birliyinin üzvləri Heritage Travel Turizm Şirkətinin təşkilatçılığı ilə Şirvan Xəzinəsinə Aparan Yollar mədəni irs turları çərçivəsində Buğurd qalasında olmuşlar. Bakıdan rahat avtobusla yola düşən iştirakçılar Şamaxı rayonunun Çuxuryurd kəndindən Buğurd qalası istiqamətinə UAZ markalı maşınla getməli oldular. Yolların sel suları nəticəsində yararsız hala düşməsi bu qədim tarixə malik qalanı görmək istəyən turistlərin arzusunu reallaşdırmağa imkan vermir. Tur iştirakçıları Qəleyibuğurd kəndindən Ağsu çayının içərisi ilə xeyli yol qət etdikdən sonra Buğurd qalasının ətəyində yerləşən Qaladərəsi kəndinə çatdılar. Kənd sakini Kamil Əlizadənin bələdçiliyi ilə iştirakçılar Buğurd qalasını ziyarət etdilər.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli tur iştirakçılarına qala haqqında məlumat vermiş, Yevgeni Paxomov və Hüseyn Ciddinin burada kəşfiyyat xarakterli arxeoloji tədqiqatlar apardığını xatırlatmışdır. O, bildirmişdir ki, arxeoloji qazıntılar Buğurt qalasında XI-XIII əsrlərdə yaşayış olduğunu göstərir. Qalada bəzi divar və bürclərin, o cümlədən yaşayış binalarının xarabalığı qalmışdır. Evlər yonma daşlardan tikilmişdir. Mənbələrdə XV əsrin sonundan adı çəkilir. 1509-cu ildə I Şah İsmayıl Şirvana hücum edərkən Şirvanşah II İbrahim Şeyxşah Buğurt qalasında müdafiə olunmuşdu. 1537-ci ildə Şirvanda baş vermiş üsyan zamanı Şirvanşah Şahrux və saray əyanları Buğurt qalasında gizlənməyə məcbur olmuşdu. 1538-ci ildə Səfəvi qoşunları Əlqas Mirzənin başçılığı ilə Şirvana hücum etdi. Buğurt qalasına çəkilən Şahrux və vəkil Hüseyn bəy bir neçə ay Səfəvilərə müqavimət göstərmişdi. Həmin dövrdə Şirvanşahların xəzinəsi də Buğurt qalasında saxlanılırdı. Səfəvi-Osmanlı müharibəsi zamanı osmanlılar Buğurt qalasını ələ keçirib özlərinin dayaq məntəqələrindən birinə çevirmişdilər. Qaladan XVII əsrin axırlarına kimi müdafiə məqsədi ilə istifadə olunmuşdur.
Qalanın indiyə qədər konservasiya olunmaması və son zamanlar güclü yağışların təsiri ilə qala içərisində iri yarğanların əmələ gəlməsi təəssüf doğurur. Bu cür istehkam tipli qalaların konservasiyası ilə əlaqədar müxtəlif layihələr hazırladıqlarını bildirən Fariz Xəlilli Mədəniyyət və Turizm Nazirliyinin belə layihələrin həyata keçirilməsində maraqlı olduğunu vurğulamışdır.
Dağların qoynunda sahibsiz qalmış və tərk edilmiş tarixi Buğurd qalasından sonra tur iştirakçıları Şamaxı şəhərinə qayıtdılar. Onlar iri divar qalıqlarının aşkar olunduğu Şamaxı şəhəri 1 saylı orta məktəbin həyətində də oldular. Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli bu divarların saray və ya rəsədxana tipli fundamental tikililərin qalıqları olması haqqında versiyaların olduğunu bildirmişdir. O, bu tikililərin Şamaxı qalasının divarları və bürcləri ola biləcəyini ehtimal etdiyini və belə tapıntıların şəhər içərisində bir neçə yerdə təsadüf olunduğunu bildirmişdir. İştirakçılar həmin yerlərdən birində oldular. Oradakı divarlar və yaxınlıqdakı ovdanlar Şamaxının turistlərin ziyarəti üçün hələ çox məsafə qət etməli olacağını bir daha göstərdi.
Mədən irs turlarının maarifləndirici və öyrədici xarakteri belə turların mütəmadi keçirilməsinin zəruri olduğunu göstərir.
Mədəni irs turunu Azərtac-ın bölgə müxbiri Adil Ağayev də izləmişdir.