Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

İNKLUZİV TURİZM
Inklüziv Turizm perspektivləri böyükdür

Ölkəmizdə inklüziv turizm perspektivləri böyükdür, bu sahənin inkişafı üçün geniş potensial var. Problem yalnız infrastrukturun yaradılmasındadır. Bu isə zaman, maliyyə və vətəndaşlıq mövqeyini nümayiş etdirməyi tələb edir. İstər vəzifəli şəxslər olsun, istərsə də adi vətəndaş, hətta məktəblilərin də fiziki imkanları məhdud şəxslərlə münasibətlə bağlı ciddi maariflənməyə ehtiyacı var.

 

 

Gülşən xanım, inklüziv turizm nədir? Layihəniz hansı problemlərin önünə keçəcək?

İnklüziv turizm – (frans. Inclusif – bura daxildir, lat. Include - bağlayıram, daxil edirəm) – turizmin hamı üçün açıq, turizm mərkəzlərinin infrastrukturunun və turistik nümayiş obyektlərinin hamıya, o cümlədən fiziki imkanları məhdud insanlara, ahıllara, onları himayə edənlərə və ailə üzvlərinə, fiziki imkanları müvəqqəti olaraq məhdudlaşmış insanlara, balaca uşaqlı ailələrə uyğun olmasını nəzərdə tutan turizm növüdür. 

İnklüziv turizm konsepsiyası – dünya səyahətidir. Onun əsasını 30 il əvvəl əlil memar Ron Meysin rəhbərliyi altında Şimali Karolina Dövlət Universitetindən olan həmkarlarının iştirakı ilə formalaşan və həyata keçirilən, yeddi prinsip üzərində qurulan universal dizayn təşkil edir. Universal dizaynda bir çox beynəlxalq normativ-hüquqi aktlarda öz əksini tapdı, bu prinsiplər üzrə yaradılan əlverişli mühit dünya əhalisinin 10%-nə lazımdır və hamı üçün rahatdır.

2014-cü ildə “Əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsində bərabər imkanlar” mövzusunda keçirilən konfransda çıxışı zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazırinin müavini Natiq Məmmədov demişdir ki, “hazırda Azərbaycan əhalisinin 5,2%-i, yəni, 535 min nəfəri əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlardır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, dünya əhalisinin 15 faizi əlilliyi olan şəxslərdir, yəni dünyada 650 milyondan artıq əlil yaşayır. Əlilliyin qarşısının alınması, reabilitasiyası, əlilliyi olan şəxslərin sosial müdafiəsi, həmçinin onların ictimai həyatın bütün sahələrində iştirakı və layiqli həyat sürmələri üçün şəraitin yaradılması dövlətimizin sosial siyasətinin əsas istiqamətlərindən biridir. Bu, həm ölkəmizin Konstitusiyasında, həm “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında, həm də müvafiq hüquqi-normativ sənədlərdə təsbit olunub. Biz bu sahədə davamlı və sistemli tədbirlərin görülməsinin vacibliyini dərk edirik”.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çıxışlarında yüksələn xətlə inkişaf edən ölkə iqtisadiyyatında qeyri-neft sektorunun daha çox gəlir gətirə bilən sahəsi kimi turizmin rolunu hər zaman qeyd edir. Elə ötən həftə “Qalaaltı Hotel & SPA” kompleksinin açılışında da Hörmətli Prezidentimiz turizmin Azərbaycan iqtisadiyyatında və qeyri-neft sektorunun inkişafında rolunu dəfələrlə vurğulamışdı. Kompeksdə fiziki imkanları məhdud insanlara yaradılan şərait də həssas təbəqəyə dövlət qayğısının təcəssümüdür. 

Son illər Vətənimizdə bir-birinin ardınca keçirilən beynəlxalq miqyaslı ictimai, siyasi, iqtisadi, mədəni tədbirlər, genişlənən olimpiya hərəkatı iri şirkətlərlə yanaşı, turistlərin də geniş marağına səbəb olur və ölkəmizə turist axını daim artmaqdadır. Bütün bunlar yeni turizm-mehmanxana komplekslərinin yaranması, istirahət mərkəzləri şəbəkəsinin genişlənməsi ilə paralel gedir. Lakin həmin komplekslərin, turizm şirkətlərinin təklif etdikləri turmarşrutlar içərisində fiziki imkanları məhdud olan insanlar üçün nəzərdə tutulmuş inklüziv turizmin həyata keçirilməsinə şərait varmı? Araşdırmalar olmadığını göstərdi və layihə ideyası da məhz bu zərurətdən yarandı.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi və MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin sosial reabilitasiyası” layihəsi Azərbaycanda yeni olan bir sahənin perspektivlərini öyrənməyi, mövcud potensialı tədqiq edib, vəziyyəti araşdırmağı, tədqiqat nəticəsində tövsiyyələr verməyi və Orta əsr Arxeoloji Turizm Kompleksinin timsalında inklüziv turizm üçün yararlı pilot layihənin planını təqdim etməyi qarşısına məqsəd qoymuşdur. 

535 min fiziki imkanları məhdud Azərbaycan vətəndaşı, dünyada yaşayan 650 milyona yaxın əlil – inklüziv turizmin təkliflərini gözləyir, səyahətdən yararlanmaq, ölkələri, onların mədəniyyətini, təbiətini, tarixini, nadir incilərini tanımaqla yanaşı, onlardan bəhrələnərək reabilitasiya prosesini sürətləndirmək, bu əsərləri yaratmaq və müəyyən gəlir əldə etməklə maddi durumlarını yaxşılaşdırmaq arzusundadirlar.

Niyə layihə inklüziv turizm baxımından sadəcə arxeoloji abidələri əhatə edir? Layihə zamanı qarşılaşdığınız problemlər nələrdən ibarətdir? 

Maraqlı sualdır. Bilirsiniz, MİRAS-ın missiyalarından biri ölkəmizin mədəni həyatına yeniliklər gətirməkdən ibarətdir. Xatırlayırsınızsa, Azərbaycanda arxeoloji turizmin inkişafı da məhz İctimai Birliyin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz müəllim Xəlillinin adı ilə bağlıdır. İstənilən yenilik kompleks xarakter daşımaqla bir neçə sahəyə diqqəti cəlb edir. Arxeoloji turizmin inkişafı Azərbaycanda arxeoloji tədqiqatların genişlənməsinə, uzun illərdən bəri unudulmuş qazıntı sahələrində işlərin canlanmasına, eyni zamanda yeni komplekslərin yaranmasına, milli kimliyimiz, tariximiz haqqında zəngin faktoloji materialların aşkarlanmasına təkan verdi. Neçə-neçə insan iş yeri ilə təmin olundu, bu isə ailələrin iqtisadi durumuna, bölgələrə diqqətin artırılmasına, müəyyən infrastrukturların inşasına səbəb oldu və proses davam etməkdədir.

Arxeoloji abidələr tarix həvəskarları ilə yanaşı, macərasevənlərin də maraq göstərdiyi abidələr qrupuna daxildir. Təsəvvür edin ki, məsələn, Gülüstan qalasına gedənə qədər turist neçə-neçə mədəni, təbiət və s. abidələrin yanından ötəcək, mədəni-maarif ocaqlarına, ictimai iaşə obyektlərinə, hətta səhiyyə müəssisələrinə baş vuracaq. Əgər biz fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyasının təmin olunma yollarını araşdırmağı qarşımıza məqsəd qoymuşuqsa, onlara əlçatmazı da yaxınlaşdıra biləcək perspektivləri müəyyənləşdirməliyik. Əlbəttə, bütün bunlar insanların arzuları, insan həyatının və sağlamlığının təhlükəsizliyi nəzərə alınmaqla, turizm prinsiplərinə uyğun formada baş tutmalıdır. Biz layihə çərçivəsində bunu araşdırmaq istədik və bir çox məqamları aydınlaşdıra bildik. 

Layihəni həyata keçirərkən qarşımıza çıxan ən böyük problemlər qeyri-peşəkarlıq, insanların problemlərinə biganəlik, fiziki imkanları məhdud insanlara qeyri-adekvat münasibət oldu. İsmayıllı rayonunda tibbi ekspertin, xəstəxana rəhbərliyinin sorğudan yayınması isə böyük təəssüf hissi doğurdu. Bilirsiniz, insan həyatda heç nədən sığortalanmayıb, hər bir sağlam insan sabah fiziki imkanları məhdud vətəndaşa çevrilə bilər. Həssas təbəqədən olan həmvətənlərimizin ən böyük problemlərindən biri ünsiyyətə olan ehtiyaclarıdır. Onların qapısını açıb, xoş söz demək, dərdlərini dinləmək, paylaşmaq çoxmu çətindir? Onlar üçün kiçik kooperativlər yaradıb işlə təmin etmək məgər belə müşkül işdir? Qeyd etmək lazımdır ki, Şamaxıda, Ağsuda və İsmayıllıda görüşdüyümüz fiziki imkanları məhdud insanların əksəriyyəti bu məhdudiyyəti ya irsi, ya iş prosesində, bəziləri isə xəstəlik nəticəsində qazanmışlar. Ölkəmizdə Prezidentimizin tapşırığı ilə əhalinin pulsuz tibbi müayinəsi aksiyası keçirildiyi zaman, yəqin ki, səhiyyə işçiləri topladıqları statistik məlumatı araşdırmış və bölgələr üzrə xəstəlik xəritələri tərtib olunmuşdur. Ağrıdıcı fakt isə sözügedən ərazilərdə oftalmoloji, onkoloji, qan-damar, ağçiyər, nevroloji xəstəliklər nəticəsində əlillik alan insanların çoxluğudur və bu həyəcan doğurur. Bütün bunlar müxtəlif səbəblərdən, o cümlədən ekoloji amillərdən də asılıdır. Düşünürəm ki, layihə zamanı əldə etdiyimiz nəticələr mütəxəssislərin həssas məqamlara diqqətini cəlb edəcək. 

Ümumiyyətlə, ölkəmizdə inklüziv turizmin vəziyyəti nə yerdədir? 

Ölkəmizdə inklüziv turizmin vəziyyəti haqqında danışmaq hələ tezdir. Çünki bu sahə yenidir, araşdırma zamanı rəyi soruşulan 135 nəfərdən yalnız biri inklüziv turizm haqqında məlumatı olduğunu bildirdi. Eyni zamanda, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında inklüziv turizmə tam yararlı obyekt kimi təkcə Şamaxı Palace Platinium by Rixos Hotelini göstərə bilərik. Digər obyektlər, küçə və prospektlər, tibb müəssisələri və turmarşrut üzərində yerləşən zəruri yerlərin heç biri inklüziv turizmin tələblərinə uyğun deyil. Məhz buna görə də layihə çərçivəsində aparılan araşdırmaların nəticəsi inklüziv turizmin tələblərinə uyğun memarlıq layihəsinin yaradılması zərurətini meydana çıxartdı, Memarlıq və İnşaat Universitetinin müəllimi, memarlıq üzrə fəlsəfə doktoru, MİRAS üzvü Ağasəlim müəllim Əzizovun hazırladığı pilot layihənin planı bu nöqteyi-nəzərdən çox aktualdır və müəllif layihədə ən kiçik zəruri ehtiyacları belə nəzərə alıb. İnşALLAH, MİRAS-ın bu təşəbbüsü yerlərdə inklüziv turizmin inkişafı istiqamətində müsbət təcrübə olacaq. 

Ölkəmizin inklüziv turizm perspektivlərini necə dəyərləndirirsiniz? Layihənin icrasi daha hansı perspektivlərdən xəbər verir?

Ölkəmizdə inklüziv turizm perspektivləri böyükdür, bu sahənin inkişafı üçün geniş potensial var. Problem yalnız infrastrukturun yaradılmasındadır. Bu isə zaman, maliyyə və vətəndaşlıq mövqeyini nümayiş etdirməyi tələb edir. İstər vəzifəli şəxslər olsun, istərsə də adi vətəndaş, hətta məktəblilərin də fiziki imkanları məhdud şəxslərlə münasibətlə bağlı ciddi maariflənməyə ehtiyacı var. Onlar cəmiyyətdən məhz mənasız suallara, anormal baxışlara görə qaçırlar. Onlara qeyri-adi münasibət bəsləyən bəzi insanlara üzümü tutub demək istəyirəm ki, ALLAH insanı bir cəhətdən naqis yaradanda, digər tərəfini elə qüvvətli edir ki, o başqaları kimi həyat yaşaya, ona ayrılan ömür payından layiqincə istifadə edə bilsin. Gəlin ən azından onların intellektual potensiallarını inkişaf etdirmələrinə, əl qabiliyyətlərini nümayiş etdirmələrinə kömək edək. 

Əhalinin Sosial Müdafiə Mərkəzlərində görüşlər zamanı, onlar hər il əlillərin əl işlərindən iibarət Respublika Sərgisində iştirak etdiklərini bildirdilər. Qrupumuzu təəccüfləndirən və təəccübləndirən cəhətlərdən biri də sosial müdafiə sahəsində çalışanların fəaliyyət dairəsində yaşayan fiziki imkanları məhdud insanların ümumi sayı, kateqoriyalar üzrə sayı haqqında dəqiq məlumat deyə bilməmələridir. Axı bu şəxslər onlarla bilavasitə çalışanlardır. İsmayıllı rayonunda I və II qrup əlilliyi olan insanlara kömək məqsədilə baxıcıların ayrılmasını, Uşaq və Ailələrə Dəstək Mərkəzində uşaqların psixoloji reabilitasiyası və nitqinin inkişafı sahəsində görülən işləri xüsusilə qeyd etmək istəyirəm. Bu təcrübəni digər rayonlarda da yaymaq lazımdır. Ağsuda isə „Gülsam“ Əlillərin Reabilitasiyası İctimai Birliyinin fəaliyyəti fiziki imkanları məhdud insanların təşkilatlanmasına, cəmiyyətə inteqrasiyasına və ölkə vətəndaşı kimi başqaları ilə biliklərini paylaşmağa qadir qurum kimi gözəl örnəkdir. Bu təcrübədə yayılmalıdır. Şamaxıda Mədəniyyət və Turizm şöbəsinin qapalı tipli Psixonevroloji Xəstəxanada tez-tez görüşlər keçirməsi, konsertlər verməsi, xəstəxana rəhbərliyinin pasiyentləri ekskursiyalara aparması da gözəl fəaliyyətdir. Bunlar təbliğ olunmalı və digər bölgələr mövcud təcrübədən yararlanmalıdır. 

Əlillərin reabilitasiyasına dəstək üçün daha hansı işlər görülməlidir? Bu baxımdan hər bir fərdin üzərinə düşən vəzifəsi nə olmalıdır?

Əlillərin reabilitasiyası üçün ilk növbədə bölgələrdə xüsusi reabilitasiya mərkəzləri yaradılmalıdır. Nəzərinizə çatdırmaq istəyirəm ki, Əlillərin Reabilitasiya Mərkəzləri yalnız Bakıda fəaliyyət göstərir və fiziki imkanları məhdud insanların maddi çətinlikləri, onlara paytaxta gəlib vaxtaşırı müalicə almağa imkan vermir, halbuki bu müalicə onlara hava-su kimi lazımdır. Sözügedən insanların ciddi psixoloji reabilitasiyaya ehtiyacı var, onlar komplekslərdən azad olmalıdırlar. Sadə bir misal, biz onlarla söhbətə başlayarkən, “nə danışırsınız? Biz necə işləyə bilərik? Siz heç bizə necə baxdıqlarını görmüsünüz? Heç qapımızı açıb, bəlkə gedib sənin elə öz puluna mağazadan sənə bir çörək alaq deyən belə yoxdur“ fikirləri ilə qarşılaşdıq, sonda isə onların əksəriyyəti bizə “peşəkar xalçaçıyam, kateqoriyam da var. Evdəki digər əlillərə baxan olsa gəlib bildiyim çeşniləri həm toxuyaram, həm də öyrədərəm, digəri isə mən də məmnuniyyyətlə dərzilik edərəm və bu işin sirlərini öyrədərəm“ - dedi, “təki bizi yada salsınlar, tədbirlərə dəvət etsinlər“ – söylədilər. Qarabağ döyüşlərində sağlamlıqlarını itirənlərin əksəriyyəti məktəblərdə “Vətənpərvərlik saatları“nın təşkilini təklif etdilər və bu işdə böyük həvəslə iştirak etmək arzularını bildirdilər. İnsanları ələbaxan kimi tərbiyə etmək olmaz, onlar lazımlı adam olduqlarını anlamalıdırlar, bu isə ən gözəl reabilitasiyadır. Məsrəf tələb etməyən bu işə hər bir vətəndaş, xüsusən bölgədəki gənclər böyük töhfələr verə bilər. Görmə imkanı məhdud insanlara gündə yarım saat qəzet və ya kitab oxumaq çətindirmi? Və ya evə bazarlıq edərkən qonşudakı ahıla lazım olanları da almaq və gətirib vermək problemdirmi? Axı bu bizim kökümüzdən gələn, adət və ənənələrimizdə olan xüsusiyyətlərdəndir. Niyə incəliklərə varmaq əvəzinə, pafos, şöhrət və ucuz say dalınca qaçmalıyıq? Hamıdan yalnız bir xahişim var – gəlin, bir-birimizə qarşı diqqətli olaq, ehtiyacı olana kömək etməyi sabaha saxlamayaq, elə bu gündən başlayaq, mənəvi dəyərləri maddiyyatdan üstün tutaq. Onda ALLAH hamıya layiq olduğunu özü yetirəcək. 

Səfərdən qayıdandan bəri məni narahat edən məqamı haşiyə kimi Sizinlə paylaşmaq istəyirəm. İsmayıllı rayonunun Diyallı kəndində XIX əsrin yadigarı olan Hacı Şeyx Məcid Əfəndi Məscidini ziyarət edərkən, sürüşmə zonasında yerləşən, baxımsızlıq üzündən məhv olan məbədin uçuq tavanı ilə əsas divarı arasında quş yuvası diqqətimi cəlb etdi. Binanın özəlliklərindən, onun abidə kimi əhəmiyyətindən, erməni-daşnak qırğını zamanı hansı dəhşət və vəhşətlərə şahidlik etdiyindən danışmayacağam. Ancaq onu demək istəyirəm, biz abidəyə biganəlik göstərsək də, təbiət onu yaşadır! Təbiətdən ibrət götürüb ətrafımızdakılara diqqətli olmağın, maddi və qeyri-maddi irsimizə qayğı ilə yanaşmağın vaxtı çoxdan yetişib.

Və layihənin icrası nə vəd edir?

Düşünürəm ki, bu suala artıq cavab vermişəm. Təkcə bir məqamı qeyd etmək istəyirəm. Layihənin son mərhələsindəyik. Bu mərhələ sözügedən bölgələrdə təlimlər və bəzi tədbirlərlə yekunlaşacaq. Avqustun 24-dən başlayaraq biz Şamaxı, İsmayıllı və Ağsu rayonlarında layihə çərçivəsində aparılan araşdırmaların yekun hesabatını, təklif və proqnozlarımızı səsləndirəcək, bölgələrdə arxeoloji, tarixi, mədəniyyət və təbiət abidələrin vəziyyətindən danışacaq, inklüziv turizm növünü beynəlxalq miqyasda perspektivləri və Azərbaycan baxımından dəyərləndirilməsini açıqlayacaq, insanlar arasında münasibətin sosio-psixoloji məqamlarına toxunacaq, fiziki imkanları məhdud insanların reabilitasiyasında incəsənətin, xüsusən musiqinin rolunu nümayiş etdirəcəyik. Bu təlimlərimizin əsas mövzuları sırasında olanlardır. Layihənin yekununda işıq üzü görəcək tösiyyələr kitabında biz fiziki imkanları məhdud insanların sosial həyatı, işlə təminatı, səhiyyə və təhsil ocaqlarında bu təbəqə ilə iş sahəsində problemlər kimi məsələlərlə bağlı təklif və tövsiyyələrimiz öz əksini tapacaq. Düşünürük ki, qaldırdığımız məsələlər əlaqədar təşkilatların diqqətindən yayınmayacaq. 

Fürsətdən istifadə edib, layihəmizin həyata keçirilməsində bizə kömək edən və yerlərdə fəaliyyətimizi təmin edən Şamaxı, Ağsu və İsmayıllı rayonlarının icra hakimiyyəti başçılarına və onların bizə bələdçilik edən əməkdaşlarına, bizi evlərində müsafir edən, dərdlərini paylaşan, gözləri yolda olan fiziki imkanları məhdud insanlara, böyük əzmkarlıqla və insanlara qayğı ilə yanaşaraq, onlarla birlikdə kövrəlib, gülən MİRAS ailəsinin üzvü olan könüllülərimizə dərin təşəkkürümüzü bildiririk.

 

Hazırladı: Cəfər MƏNSİMİ

                  Aidə MƏLİKOVA

6530 dəfə oxunub