Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği
“Azərbaycanda arxeoloji turizmin inkişaf etdirilməsi və təbliği” layihəsi “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin layihəsidir. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının "Turizm ili" ilə əlaqədar keçirdiyi müsabiqənin qalibi olub və həmin Şuranın maliyə yardımı ilə həyata keçirilib. Layihənin məqsədi Azərbaycanda arxeoloji turizmi təbliğ edərək bu sahənin inkişafına nail olmaq, eyni zamanda tarixi-arxeoloji abidələrimizə diqqəti, arxeologiya elminə marağı artırmaq, onların qorunmasını təmin etməkdən ibarət olmuşdur. Bu məqsədə çatmaq üçün layihə çərçivəsində bir sıra işlər görülmüşdü. Arxeoloji turizmin təbliği və təşviqi ilə bağlı mədəniyyət və təhsil müəssisələrində mühazirələr verilmiş, arxeoloji turizm, arxeologiya elmi, Azərbaycanda mövcud olan tarixi-memarlıq, arxeoloji abidələr haqqında seminarlar təşkil olunmuşdu. Muhazirə və seminar iştirakçıları üçün nəzərdə tutulan “Azərbaycanın inciləri” bukleti hazırlanmış və çap edilmişdi. Layihənin davamlı olması üçün yaradılmış və hal-hazırda istifadə etdiyiniz internet səhifəsi də bu layihənin tərkib hissəsidir. Burada tarixi abidələrimiz, adət-ənənələrimiz və incəsənətimiz nümayiş olunur, və bununla da, arxeoturizmin imkanlarını göstərməyə və təbliğ etməyə çalışırıq. Layihə çərçivəsində, həmçinin “Azərbaycan abidələr diyarıdır” qısametrajlı filmi çəkilmiş, müxtəlif dillərə çevrilərək dünya ictimaiyyətinə təqdim olunmuşdu. Yeni layihəmizin elmi ictimaiyyət, arxeoloqlar, tarixçilər, həmçinin tələbələr, magistr və aspirantlar, sadə vətəndaşlar, xarici ölkə vətəndaşları üçün faydalı olduğunu düşünürük, bu sahəyə marağın artmasına töhfə verdiyinə inanırıq.
|