Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
MİRAS inkluziv turizmin inkişafına çalışır
25.5.2015
Facebook
Twitter Google Myspace

Belə ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2015-ci ilin aprel ayından “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasina dəstək” adlı layihə həyata keçirməyə başlayıb.  

MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin əməkdaşları yaxın günlərdə Şamaxı, Ağsu və İsmayıllı rayonuna səfər edəcəklər. Səfərin məqsədi mədəni irs və turizm infrastrukturlarında çalışanlar, eləcə də fiziki imkanları məhdud olan insanlar arasında sorğular aparmaq, mehmanxana şəbəkəsi, mədəniyyət ocaqları, tarixi, memarlıq, təbiət, mədəniyyət abidələrin, xəstəxana, tibbi yardım və digər obyektlərin turistik, arxeoloji, ekoloji, etnoqrafik, memarlıq baxımından monitorinqini aparmaqdır.
Belə ki, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi 2015-ci ilin aprel ayından “Arxeoloji abidələrin inklüziv turizm perspektivləri və əlillərin reabilitasiyasina dəstək” adlı layihə həyata keçirməyə başlayıb. Layihə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə gerçəkləşdirilir.
Layihənin məqsədi Azərbaycanda yaşayan 500 min nəfərdən çox fiziki imkanları məhdud şəxsin tarix və mədəniyyət abidələrinə, arxeoloji qazıntı sahələrinə, muzeylərə, digər mədəni irs obyektlərinə marağını və sosial həyata inteqrasiyasını təmin etmək, onları cəmiyyətin bir parçası kimi ölkəmizdə baş verən bütün hadisələrin fəal iştirakçısına çevirməsinə yardımçı olmaqdır.
Eləcə də, “2014-cü il üçün əlillərin və sağlamlıq imkanı məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Dövlət Proqramı”nın yerinə yetirilməsi məqsədilə cəmiyyətimizin həssas təbəqəsini təşkil edən vətəndaşlarımızın potensiallarından tam istifadə etmək imkanı yaratmaq, ən gözəl reabilitasiya sayılan incəsənətlə təmas qurmaq, mədəni irsimizi öyrənmək, qabiliyyət və istedadlarını realizə etmək üçün şərait yaratmaqdır.
Son illər Azərbaycanda bir-birinin ardınca keçirilən beynəlxalq miqyaslı tədbirlər və genişlənən olimpiya hərəkatı iri şirkətlərlə yanaşı, turistlərin də geniş marağına səbəb olur və ölkəmizə turist axını daim artmaqdadır. Bütün bunlar yeni turizm-mehmanxana komplekslərinin yaranması, istirahət mərkəzləri şəbəkəsinin genişlənməsi ilə paralel gedir. Lakin həmin komplekslərin, turizm şirkətlərinin təklif etdikləri turmarşrutlar içərisində fiziki imkanları məhdud olan insanlar üçün nəzərdə tutulmuş inklüziv turizmin həyata keçirilməsinə şərait varmı? Layihə bunları araşdırmağı qarşısına məqsəd qoyub.
Layihə çərçivəsində fiziki imkanları məhdud olan insanlar üçün Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisindəki əlverişli şəraitə malik obyektlərin statistikası və monitorinqinin aparılması, ölkəmizdə qeyri-neft sektorunun inkişafında mühüm əhəmiyyəti olan turizmin bu seqmentinin öyrənilməsi və inkişaf perspektivlərinin müəyyənləşdirilməsi, destonasiya mərkəzlərinin yaradılması və idarə olunması üzrə tövsiyələrin verilməsi və Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksinin timsalında nümunəvi inklüziv turizm obyektinin yaradılması nəzərdə tutulur. Bunun üçün ilk növbədə Şamaxı, Ağsu və İsmayıllı rayonları ərazisində aparılan arxeoloji qazıntı sahələrinə baxış keçiriləcək və ətraf ərazilərdə infrastrukturun monitorinqi keçiriləcək, fotoşəkilləri çəkiləcək. Sözügedən bölgələrdə fəaliyyət göstərən mədəniyyət və turizm infrastrukturlarında çalışanlar, əlillər arasında sorğular aparılacaq. Turizm üzrə ekspertlərin, memarların, əlillərin reabilitasiyası, inşaat və nəqliyyat üzrə mütəxəssislərin iştirakı ilə ərazinin inklüziv turizm baxımından potensialı qiymətləndiriləcək, təkliflər və tövsiyyələr hazırlanacaq. Şamaxı, Ağsu və İsmayıllı rayonlarında əlillər, turizm, mədəniyyət, tibb işçiləri üçün inklüziv turizmin imkanları və perspektivləri mövzusunda seminarlar keçiriləcək. Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində əlillərin rahat hərəkətini, onların kompleksdə təklif olunan xidmətlərdən rahat istifadə etməklə mədəni irs dünyamıza qovuşmasını təmin etmək məqsədilə kompleksdə xüsusi nümunəvi şəraitin yaradılması planlaşdırılır.
Monitorinqlərin nəticələrinə əsasən inklüziv turizm üzrə Şamaxı, Ağsu və İsmayıllı rayonlarına turpaketlərin hazırlanması, Azərbaycan və ingilis dillərində bələdçi mətnlərinin tərtibi və onların görmə imkanları məhdud insanlar üçün Brayl əlifbası ilə və səsli formatda, eşitmə və danışma imkanları məhdud insanlar üçün surdotərcümə ilə yerinə yetirilməsi nəzərdə tutulur. Bu mərhələdə həmçinin layihənin yekunlarına həsr olunmuş mətbuat konfransının keçirilməsi, “İnklüziv turizmin imkanları və perspektivləri” üzrə tövsiyyə kitabının və turpaketlərin təqdimatı baş tutacaq.
Layihənin rəhbəri MİRAS İB-nin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillidir.