Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Trabzonun Qaradəniz Texniki Universitetində “Xocalı soyqırımı - 20” adlı konfrans baş tutub
27.2.2012
Facebook
Twitter Google Myspace

Qaradəniz Texniki Universitetində baş tutan konfransda çox sayda azərbaycanlı tələbələrlə yanaşı, türkiyəli tələbələr, başqa ölkələrdən olan tələbələr və universitetin müəllimləri iştirak edirdi.

“Dünyada mənim Vətənim” layihəsi çərçivəsində baş tutan konfransı Qaradəniz Texniki Universitetinin tələbəsi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin üzvü Turac İsrafilov açdı. Çıxışlardan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Türkiyə və Azərbaycanın dövlət himnləri səsləndi.
Qaradəniz Texniki Universitetinin tələbəsi, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai birliyinin Trabzon təmsilçisi Nahid İsrafilzadə çıxış edərək ermənilərin 1905-1906-cı ildən Azərbaycan torpaqlarında başlayan qanlı əməllərinin mütəmadi davam etdiyini, çar Rusiyası, Sovet İttifaqı və müstəqillik illərində müxtəlif yollarla işğal niyyətlərini gerçəkləşdirdiklərini, Xocalıda, müasir dünyanın gözü qarşısında yüzlərlə insanı məhz etnik mənsubiyyətinə görə qətl etdiklərini konfrans iştirakçılarına xatırlatdı. O, buradakı gənclərin Xocalı kimi soyqırım aktlarına son qoyulmasını, Xocalıya ədalət prinsipləri əsasında soyqırım statusu verilməsini, insanlıq suçu işləmiş günahkarların beynəlxlaq məhkəmədə mühakimə olunmasını tələb etdiklərini səsləndirdi.
Universitetin müəllimi, Prof. Dr. Mehmet Okur ermənilərin Azərbaycan və Türkiyədə həyata keçirdikləri soyqırım hadisələrinin unudulmadığından və erməni yalanlarına, erməni saxtakarlığına rəğmən sənədlərdə və yaddaşlarda hifz olunduğundan bəhs etdi. O, ermənilərin 1918-ci ildə Şamaxı, Bakı, Quba, Qarabağda törətdikləri vəhşiliklərin sənədləşdirildiyini, 1988-ci ildə Sumqayıtda öz soydaşlarına qarşı törətdiklərinin dəlilləri ilə sübut olunduğunu qeyd etdi. Xocalıda baş verənlər türk millətinə edilmiş zülm, soyqırımdır.
Konfrans Xocalı soyqırımı, Qarabağ müharibəsi, erməni vəhşiliklərindən bəhs edən videogörüntü və filmlərlə davam etdi.
MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin Trabzon üzrə təmsilçisi Nahid İsrafilzadə və birliyin üzvü Turac İsrafilovun təşəbbüsü ilə təşkil olunan konfransda 200-dən çox müəllim və tələbə iştirak etmişdir.