Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

MƏRKƏZLƏR
Qala Arxeoloji ve Etnoqrafik Muzey Kompleksi
Facebook
Twitter Google Myspace

Qoruq Azərbaycan Respublikasının Nazirlər kabinetinin 18 aprel 1988-ci il 135 sayli qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qorugun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur.

Qoruq Azərbaycan Respublikasının Nazirlər kabinetinin 18 aprel 1988-ci il 135 sayli qərarı ilə Qala qəsəbəsinin tarixi hissəsində yaradılıb. Qorugun ərazisi 156 hektardır. Bu ərazidə 216 memarlıq və arxeoloji abidə qorunur. Ən qədim aşkar edilən abidə e.ə. III miniliyə aid olan qədim insan yaşayış məskənidir. Deməli 5 min il ərzində Qala kəndində insanlar yaşayıb fəaliyyət göstərmişlər. Qala kəndi əraziisndə olan memarlıq abidələri arasında 5 məscid, 3 hamam, yeraltı kəhrizlər, 4 ovdan qəsrin qalıqları, məqbərə, sərdabələr və yaşayış evləri movcuddur. Bakı kəndləri arasında Qala kəndi həm tarixinə, həm də Abşeronun mədəni irsində tutduğu yerinə görə seçilir. Ən maraqlısı da odur ki, paytaxt şəhərə iri sənaye mərkəzi olan Bakıya yaxın olmasına baxmayaraq, Qala kəndinin infrastrukturu və abidələri kompleks şəklində olduğu kimi qalmaqdadır. Bundan başqa yaşayış muhiti də oz əksini qoruyub saxlamışdır. Bundan başqa yaşayış muhiti də öz əksini qoruyub saxlamişdır. Məlum olduğu kimi Qala sözü alınmaz məğlubedilməz yer mənasındadır. Lakin xalq etimologiyasına (bir sıra fərziyyələrə əsasən) kəndin adı Qəllə sözündəndir, yəni qəllə-taxıl mənasında işlənir. Qala Abşeronun digər kəndlərindən taxıl ehtiyatının cox olması ilə də tanınırdı. Qalalıların əsas məşğuliyyətindən biri də əkinçilik olmuşdur. Yerlı əhali Qalanı “Taxıl kəndi” və ya “Taxıl Qələ” adlandırırmış. Kəndin ərazisində taxıl quyuları, taxıl zirzəmiləri və tikili anbarlar vardır. Qala kəndində həmçinin taxıl və un anbarları ilə yanaşı duz quyuları da vardır. Qalada onlarla misgər, dulusçu, dərzi, dəmirçi emalatxanaları var idi.
Qeyd etmek istərdik ki, Qala kəndi faktiki olaraq kiçik şəhər kimi olub, əhalisinin boyük hissəsi kənd təsərrüfatı ilə məşğul olmasına baxmayaraq kəndin daxilində əkin sahələri olmayıb. Bütün əkin sahələri kənddən kənarda olmuşdur. Qəsəbənin yaşayış evləri üçün kiçik bağlı həyətlər xarakterikdir. Bu həyətlərdə əsasən bir neçə ağac əkilərdi. Xususilə tut və püstə ağacı əkmək tamamilə ənənəvi hal idi. Qaydaya görə hər həyətdə daş hovuz olardı. Bu hovuzlar bəzən yumru bəzən də kvadrat şəkilli olarmış. Həyətlərdə su quyusu taxıl üçün zirzəmi və duz üçün quyu da olub. Abşeron qumluq və susuzluq yer olduğundan ağac məhsullarının qıtlığından burada tikinti materialları əhəng daşından istifadə edilirdi.
Evlərin tikilişində daşların üstünlük təşkil etməsi; tağ və gümbəzli evlərin yaranmasında müəyyən rol oynamışdır. Qala kəndində olan evləri əksəriyyətinin tavanları tağ formasındadır. Yəni həmin konstuksiya bütövlükdə tağın mərkəzində yerləşən qıfıl daşın üzərində qurulub. Bu daş trapesiya şəklindədir. Həmin tağ gil vasitəsilə tikilmişdir. Evlərin damı üst hissədən gil vasitəsilə cəkilir, su gillərin üstündən navalçalar vasitəsilə süzülür. Hər mənzilin qarşısında mütləq 80 sm - 1 m hündürlüyündə səki olur. Qalanın özündə yaşayış evləri iki, bəzi hallarda isə üç otaqdan ibarət olub. Şərti olarq otağın birini mətbəx və ya təsərrüfat hissəsi adlandırmaq olar. Digər hissə qonaq yaxud yataq otağı kimi istifadə olunur.
Mətbəx hissəsədə təndir, ocaq və “suaxan” yerləşib. Ən maraqlı memarlıq abidəsi burada suaxan adlanan yerdir. Qeyd etdiyimiz suaxan adlanan yerdə evli insanlar qüsl vermek; namaz qılmamışdan dəstəmaz almaq və məişət məqsədləri üçün də istifadə olunmuşdur. Bu da onu göstərir ki, Azerbaycan xalqı ta qədim dövrlərdən öz yaşayış tərzinə böyük diqqət ayırmış, sanitar-gigiyenik normalara vaxtlı vaxtında riayət etmişlər. Mətbəxin içərisində gildən təndir və ocaq olurmuş. Evlər plan quruluşuna görə elə inşa edilmişdir ki, mətbəx hissədə xörək hazırlayanda, həm ocağın, həm də təndirin tüstüsü onların üzərində yerləşən xüsusui baca (dubla) vasitəsilə çıxırmış.
Otaqların qızdırılması üçün kürsüdən, yaxud buxaradan istifadə edilirmiş. Otağın bir hissəsində mərkəzdə kürsü üçün yer ayrılırmış, ora manqal içərisinə isə qızmar kömür tökülürmüş və onun vasitəsilə otaqlar qızdırılırmış, kürsü qızdırılan zaman yaranan tüstünü evdən uzaqlaşdırmaq üçün dam örtüyündə kiçik bir boşluq - "baca" qoyulurdu. Otaqların döşəməsi torpaq, bəzən də gillə örtülərmiş. Divarlarda müxtəlif ölçülərdə taxçalar düzəldilərmiş.”Cumaxatan” deyilən yerdə sandıq və üzərində yorğan–döşək qoyularmış. Divarın hündür hissəsində olan taxça özünəməxsus xüsusiyyətə malikdir. Bura müqəddəs kitab “Quran” yaxud “Çıraq” qoyulurdu. 1,8-2 m hündürlüyündə ləmə düzəldilərmiş. Ləməyə qab-qacaq düzərdilər və bu da evin gözəlləşməsinə xidmət edərdi. Qalalılar üçün ənənəvi təsərrüfat sahələrindən biri həmişə heyvandarlıq, xüsusilə də qoyunçuluq olmuşdur. Qeyd etmek isteyirik ki, Qala cins qoyunu öz keyfiyyətinə görə məşhur idi. Bu cinsdən olan qoyunlar 80-90 kq ət verirmiş. Hətta onların quyruğunun ağırlığı 15-20 kq olub. Bəzən quyruq o qədər ağır olurmuş ki, heyvan yatıb dura bilmədiyindən hərəkətdən qalırmış. Buna görə də ağır quyruqlu heyvan üçün iki çarxlı yeşikvari xüsusi sürüyücü araba hazırlayıb, hərəkərt zamanı quyruğu onun içinə salırlarmış. Bütün bu cəhətlrinə görə Qala qoyunu Abşeronda həmişə ən yüksək qiymətləndirimişdir.
Ən qədim yaşayış formalarından biri də “Samanlıqlar” olmuşdur. 2500-3000 il bundan əvvəl qədim yaşayış məskəni kimi istifadə olunmuşdur. Ümumiyyətlə Abşeron ərazisində meşə olmadığından bu cür yaşayış məskənləri əhəng daşından tikilmişdir.
Sonradan cəmiyyət inkişaf etdikcə, kəndin yeri dəyişəndən sonra burada orta əsrlərə xas olan evlər tikilir, həmin samanlıqlar isə kənd təsərrüfatı təyinatlı obyektlər kimi, yəni bəziləri tövlə, bəziləri isə samanlıq və taxıl anbarları kimi istifadə olunmağa başlayır. Əslində samanlıqların bir hissəsi yerin altında olmaqla iki hissəli inşa edilirdi. Aşağı enmək üçün pilləkənlər qoyulurdu. Dam örtüyü daşların səliqə ilə yığılmasından ibarət olurdu. Daşların arasına gil çəkilirdi. Dam örtüyündəki qoyulmuş oyuq isə havanın dövr etməsi və işıqlandırılması üçün idi. Belə tikililərin ilkin nümunələrində daşların arasında gil örtüyü olmamışdır. Deməli əcdadlarımız bu tikililərin inşasını mükəmməl düşünməyə qadir olmuşlar.
Qala kəndində 3 hamam mövcud olmuşdur. “Şor hamamı”, “Qum hamamı” “ Bayraməli hamamı” adı ilə tanınan hamam.
Şor hamamı kəndin cənub hissəsində duz gölünün yaxınlığında yerləşirdi. Oraya göldən su çəkilmişdir. Bu hamamın suyu duzlu olduğundan daha çox müalicəvi məqsəd daşımışdır. Bu su daha çox dəri xəstəlikləri zamanı istifadə olunardı. Hamam dağılmış, lakin özülü bu günədək qalmışdır. Digər hamamlardan biri də “Qum hamamı”dır. Bu hamam daha qədimdir, təsadüfən bərpaçılar tərəfindən tapılmışdır, tamamilə zibil və torpaq altında uzun muddət qalmışdır. Təmizlənmə aparıldıqdan sonra məlum olmuşdur ki, hamam XII-XIV əsr memarlıq quruluşuna malikdir. Hamam torpağın altında yerleşdiyindən “Qum hamamı” adlanmışdır. Sanitar-gigiyena məqsədlərindən əlavə, hamamda istirahət otaqları vardır. Hamamın özünəməxsus xüsusiyyəti, yer səthindən 1,5-2 m aşağı olmasıdır ki, bu da istiliyin saxlanması rolunu oynayır. Bu hamamın arxasında qazanxanası var. Divarların içindən və döşəmənin altı ilə saxsı (keramik) borular vasitəsilə hamamı qızdırırlarmış. Hamam soyunmaq otağı və hovuzla yanaşı, 8 otağı özündə birləşdirir. Hamamda olan hovuz əhəng daşından yumru şəkildə yonulmuşdur və soyuq su üçün nəzərdə tutulmuşdur. Hər otağın giriş hissəsində ayaqqabı üçün xüsususi taxçalar vardır. Qaynar sudan qorunmaq üçün xüsusi ayaqqabı-başmaq geyinirlərmiş. Hamamdan təkcə yuyunmaq üçün yox, dincəlmək üçün də istifadə olunurdu. Burada görüşlər keçirilir, ticarət edilir, nərd oynanılır və çay içirmişlər. Otaqların biri mehrab üçün nəzərdə tutulmuşdur və namaz qılmaq üçün istifadə olunmuşdur. Hətta türk səyyahı Cəlal Əsəd XIX əsrdə qeyd edirdi: “Hamamlar müsəlmanlar üçün məscidlər kimi lazımdır”, Avstriya səyahətçisi Q.Vamberi göstərirdi ki, hamamlar bütün müsəlmanlar üçün həm daxili tələbatı ödəmək üçün, həm də dini məqsədlər rolunu oynamışdır. Yuyunmaq üçün otaqlarda hovuz olurmuş. Müsəlman adətinə görə su başqasının bədəninə dəydikdə təmiz su sayılmırmış, isti və soyuq suyun saxlanması üçün lap arxada kiçik otaqlardan istifadə edilirmiş. Qala kəndində olan hamamlardan yalnız biri bu günədək fəaliyyət göstərir. Həmin hamam cox vaxt “Cümə hamamı” yaxud da “Bayraməli hamamı” adlanırmış. Giriş hissəsindəki epiqrafik yazıdan məlum olmuşdur ki, hamam 1881-ci ildə Bayraməli adlı şəxs tərəfindən təmir edilmişdir. Demək ehtimal var ki, hamam daha qədim ola bilər. Hamam 2 hissədən ibarətdir. Soyunmaq və yuyunmaq yerləri. El hamamlarına gəlmək üçün qadınlar və kişilər üçün ayrıca günlər olardı. Bu hamamdan hal-hazırda Azərbaycan xalqının adətlərindən biri olan “Bəylik hamamı” kimi el adəti ilə oğul evləndirəndə bəyi hamama gətirmək üçün istifadə olunur. Keçmişdə gəlinləri oğlanın anası, bacısı hamamda görüb bəyənərdilər. Belə bir deyim də var idi: ”Qız bəyənəndə onu ya hamamda bəyən, səhər–səhər əl üzünü yuyanda. “Abşeronun zəngin coğrafi mövqedə yerləşməsi, qitənin şimal-cənub, şərq-qərb ticarət əlaqələrindəki keçid mövqeyi, onun bir yaşayış məskəni kimi daim diqqət mərkəzində olması ilə nəticələnmişdir. Abşeronda demək olar ki, çay yoxdur. Amma 40-dan çox duzlu göl vardır. Həmin göllərdən biri də orta əsrlərdə Qala kəndinin həyatında xüsusi rol oynamışdır. Əsasən əvvəllər 2 göl var idi, biri şor, digəri şirin su. Umumiyyətlə, XIX əsrdə bu yerlərdə neft çıxarılmağa başlanmışdır. Neft istehsalı, sənayeni inkişafı ilə əlaqədar sənaye tullantılarının gölə tökülməsi nəticəsində suyun səviyyəsi qalxmış və 2 göl birləşmişdir. Qala kəndi ətrafında ovdanlar, quyular və su üçün hovuz var imiş. Onların çoxu hal-hazırda itmişdir. Əvvəllər əhalinin su təhcizatını ödəmək üçün ovdanlardan, su quyularından və xaş-xuna bağlarından gələn kəhrizlərdən istifadə edilirmiş. Qeyd edək ki, kənddə indiyə qədər su quyularının bir qismindən istifadə olunur. Kənddə 4 ovdan və içməli su quyuları indiyə kimi qalmaqdadır. Ən qədim ovdanlardan biri II Şah Abbas dövründə tikilmişdir. XVII əsrə aid edilir. Ovdanın kitabəsi Şirvanşahlar qoruğunda mühafizə edilir. Həmin kitabənin ərəbcədən tərcüməsi belədir: "Bu dövr ədalətli şah yer üzündə böyük Allahın kölgəsi Şah Abbas Səfəvinin hakimiyyətinə aiddir. Allah onun hakimiyyətini daimi etsin”. Bu ovdan kəndxuda Nurməhəmməd oğlu Fuladın əmri ilə hicri 1065-ci ildə tikilmişdir. Bu isə miladi təqvimlə 1655-ci ilə Səfəvilər nəslindən olan II Abbasın hakimiyyəti dövrünə təsadüf edir. Ovdanlar əsasən yeraltı torpaq sularından qidalanırlar. Ovdan fars sözü olub, 2 sözdən ibarətdir ”Ab-su, “dan –göstərici”, yəni “Su saxlanılan yer” mənasında işlədilir.
Ovdana giriş əsasən küləyin əks tərəfindən qoyulmuşdur. Ovdan 2 hissədən ibarətdir. Yeraltı və yerüstü hissələrdən. Üst hissəsi əhəng daşı ilə örtülmüşdür. Bu tikiliş yan hissədən düzbucaqlı üçbucağı xatırladır. Yeraltı giriş pilləkənlər vasitəsilədir. Əgər ovdan yağış suyu yığılması üçündürsə, pilləkənlərin axırındakı hovuzlar quyularla əvəz edilir. Ovdanlar əsasən yol ayrıcında, karvan yolunun yaxınlığında tikilərmiş. Ovdanların yanında yolçuların istirahəti üçün ağac əkilərmiş. Ovdanlar həmçinin yolçuların susuzluğunu aradan qaldırmaq üçün də nəzərdə tutulurmuş.
Orta əsrlər Qala kəndində bir sıra məhəllələr olub. Bu məhəllələrdən Balaverdi, Hacı Ramazan, Tərəkəmə, Çəmbərəkənd, Tocuqla və s. qeyd etmək olar. “Tocuqla” adlanan yerdə mərasimlər, bayramlar keçirilirdi. Hər məhəllədə isə ictimai mərkəz kimi məscidin qarşısında kiçik meydança var idi. Həmin meydançaya ağsaqqallar yığışıb, kənd camaatı ilə söhbətlər aparırmışlar. Azərbaycanın hər bir yaşayış məntəqəsində yerli memarlıq üslüblarına uyğun “Cümə məscidləri” vardır. Cümə məscidləri bütün müsəlmanların cümə namazını qılması üçün nəzərdə tutulur. Abşeronda məscidlərin qabağında tut ağacının əkilməsi ənənəvi haldır. Ümumiyyətlə kənd yerlərində 1 məscid, bəzən 2 məscid tikilərmiş. Ancaq Qalada Çəmbərəkənd adlanan hissədə 2 məhəllə məscidi, qalan məhəllələrdə isə hərəsində 1 məscid tikilmişdir. Hal–hazırda Qala kəndində 5 məscid vardır. Onlar müxtəlif vaxtlarda tikilmişlər. Məscidlərdən biri Tərəkəmə məhəllə məscididir. Məscid orta gümbəzli tikilişə malikdir. Giriş hissəsi tac şəklindədir. Giriş hissəsinin üzərində ay və 8 guşəli ulduz təsvir edilmişdir. Damın üzərində ərəb dilində tikilişin tarixi 1911-ci ili göstərir. İkinci məscid isə XVII əsrə aid edilir. Dama çıxış üçün pilləkənlər həm daxili, həm də xarici tərəfdən vardır. Məscidin divarlarına fikir versək görərik ki, yan hissələrdən daşlar yonulmuşdur. Bu arabaların dönə bilməsi üçündür. Məhəllə məscidlərindən biri də Balaverdi məhəlləsində yerləşir. Onun tikilişi XIX əsrə aid edilir. Məscidlərdən biri də Çəmbərəkənd yaşayış sahəsində yerləşmişdir. Məscidin divarları olduqca hamardır. Giriş hissəsində məscidin tarixi hicri təqvimi ilə 1258-ci il, yəni 1842-1843-cü illəri əks etdirir. İçəri hissədən məscid yaşayış evlərindən heç nə ilə fərqlənmir. Dama çıxış pilləkənlər vasitəsilədir. Qalada olan məscidlərdən biri də Cümə məscididir. Hacı Ramazan məhəlləsində yerləşir. Bu məscid XVII əsrə aid edilir. Lakin bu məscid üzərində bu əsrdə bərpa işləri aparıldığına görə onun tarixini daha qədim hesab etmək olar. Maraqlı fakt odur ki, sonradan məscid kimi istifadə olunan tikili müdafiə qalası ilə bir kompleks təşkil etmişdir. Məscid hal-hazırda 90 dərəcəli düzbucaqlı üçbucaq şəkillidir. Namaz qılan otağın cənub hissəsində divarda mehrab vardır. Mehrab sadə ornamentlə bəzədilmişdir. Məscidin içərisindən dama yol vardır. Hal-hazırda dama çöl–cənub tərəfdən çıxılır. Məscidlər qarşısında quyu varmış. Məsciddən mədrəsə-məktəb kimi də istifadə olunurmuş.
Qəbir tiplərinin çoxluğu bir tətəfdən tikinti materiallarının coğrafi yerləşməsi və ya mərhumun ictimai vəziyyəti ilə bağlıdırsa, digər tərəfdən əhalinin etnik tərkibi və dini dünyagörüşünün müxtəlifliyi ilə bağlıdır. Bəzən bir qəbiristanlıqda eyni dövrə aid bir neçə tip qəbirlərin aşkar olunması da bu fikri söyləməyə imkan verir. Qəbirlərin dövrünü onlardan tapılan numizmatik materiallar dəqiqləşdirir. Abşeron ərazisində daş qutu qəbirlər də aşkar edilmişdir. Bu tip qəbirlər Abşeron ərazisindəki yaşayış yerləri üçün xarakterikdir. Abşeron ərazisində sandıq qəbirlər də geniş yayılmışdır. Abşeronda sandıq qəbirlərin yəni sənduqələrin üzərində olan qəbirstü daşlar bu əraziyə xas olan özünəməxsusluğu ilə seçilir. Sənduqələrin üst hissələri Quran ayələri ilə bəzədilmişdir. Qəbirlər – sənduqələr Səfəvilərin hökmranlıq dövrünə XVI-XVII əsrlərə aid edilir.
Orta əsrlərə aid tarixi abidələrimizdən biri də Sərdabələrdir. Buradan insanların dini təsəvvürlərinə, vəfat edənin vəsiyyətinə görə istifadə edilirdi. Sərdabənin istifadə məqsədi mərhumun cəsədinin müvəqqəti saxlanılması üçün olmuşdur. Müqəddəs torpaqlara qaladan ildə 2 dəfə karvanlar vasitəsilə ziyarətə gederdilər. Vəfat edən şəxs müqəddəs torpaqda, məsələn Məkkədə, Məşhədidə, Kərbalayıda və s. dəfn olunmaq istərdisə, o zaman mərhumun cəsədi müəyyən bir zaman ərzində sərdabədə saxlanılardı və ət çürüyərək torpağa qarışdıqdan sonra sümüklər xüsusi sandıqçaya qoyulub müqəddəs torpağa aparııb orada dəfn olunurdu. Azərbaycanda ən çox yayılmış tikililərdən biri də qəbirüstü məqbərələrdir. Məqbərələrin üstündə saxlanılan yazılar onların hansı feodal sülalələrinə məxsus olduğunu göstərir. Bu yazıların islamla heç bir əlaqəsi olmadığı izah edilir. Adətən məqbərələr həyatdan köçənin xatirəsi üçün tikilirmiş. İslam qanunlarına əsasən müsəlman qəbri olduqca sadə olmalıdır. Qala kəndində orta əsrlərə aid edilən 2 məqbərə vardır. Bunlardan birinin tarixi XVII əsrə aid edilir. Məqbərənin üst hissəsi gümbəz şəklindədir. Giriş hissəsi tikilişində oxvarı şəkilli olmuş, tədricən sökülmə nəticəsində onu düzbucaqlı şəklində düzəltmişdir. Giriş hissədə ərəbcə 2 cümlə yazılmışdır. Burada deyilir: "Məqbərəni hicri tarixinin 1034-cü ilində (yəni bizim tarixlə 1625-ci ildə) Şah Abbas Küsəyinin hakimiyyəti dövründə Qalalı Məhəmməd tikdirmişdir”. Məqbərədə qəbir yoxdur. İkinci məqbərə daha gec tikilib və ondan dini məqsədlər üçün istifadə ediblər. Uzunömürlülərin dediyinə görə, bura vəfat edən şəxs gətirilmiş və burada axund “ölü namazı” qılarmış.
Qala Dövlət tarix-etnoqrafiya qoruğunun xalqımızın tarixi, milli və mədəni dəyərlərinin mühafizə edilməsi, bərpası həmçinin onların təbliği sahəsində əhəmiyyəti böyükdür. Yəni qala qəsəbəsinin tarixi hissəsində “Qala” Dövlət tarix-etnoqrafiya qoruğu ərazisində olan elmi, tarixi, bədii əhəmiyyət daşıyan bütün tarix və mədəniyyət abidələri dövlət tərəfindən qorunur.

 

Muzeyin saytına daxil ola bilərsiniz