Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
"Arxeoloji turizmin inkişafı üçün infrastruktur yaradılmalıdır" - MÜSAHİBƏ
24.6.2014
Facebook
Twitter Google Myspace

 İyulun 11-i Ümümdünya Arxeologiya Günüdür. Arxeoloji yerlərə səyahət etməyi sevənlərin olduğunu nəzərə alaraq Ailem.az Azərbaycanda arxeoloji turları təşkil edən “Heritage Travel” turizm şirkətinin direktoru Fariz Xəlilli ilə söhbətləşdi

İyulun 11-i Ümümdünya Arxeologiya Günüdür. Arxeoloji yerlərə səyahət etməyi sevənlərin olduğunu nəzərə alaraq Ailem.az Azərbaycanda arxeoloji turları təşkil edən “Heritage Travel” turizm şirkətinin direktoru Fariz Xəlilli ilə söhbətləşdi:

- “Heritage Travel” Şirkəti 2011-ci ildə yaradılıb. Şirkətin məqsədi daha çox Azərbaycanda mədəni irs turizminin, xüsusən də arxeoloji turizmin inkişafına dəstək verməkdir. Lakin parelel olaraq digər turizm sahələri ilə də məşğuldur.

- Fariz müəllim, şirkətiniz tərəfindən hansı arxeoloji turlar təklif edilir?

- “Orta əsr Ağsu şəhəri” arxoloji turizm kompleksi və onun ətrafındakı abidələri əhatə edən arxeoturlarımız var. 2010-cu ilin mart ayından başlayaraq orta əsr Ağsu şəhərində aparılan arxeoloji təqdiqatlar arxeoloji turizm məhsulunu meydana gətirib. Konservasiya və bərpa olunmuş kompleksə turistlərin maraqları artır. İnsanların dağlarda, bulaq başında, otellərdə dincəlməkdən başqa digər ehtiyacları da var. Bu, yalnız istirahət ehtiyacları deyil, həm də bilgilənmə, maariflənmə ehtiyaclarıdır. Həmişəki kimi insanlar istirahətə də, müalicəvi turlara da önəm verirlər. Amma artıq bütün dünyada belə bir tendensiya var ki, insanlar maariflənməyə, bilgilənməyə də üstünlük verir. Onlar dünyadakı mədəni sistemlə daha yaxından tanış olmaq istəyirlər. Bu baxımdan biz də arxeoloji turlar elan etdik. Bu turlarımız 1, 2, 3, 5, hətta 7 günlük olur.

Bizim “Şirvan xəzinəsinə aparan yollar” mədəni irs turumuz, Bakıda “Bir qalanın sirri”, Qobustan və palçıq vulkanları, Oğuz rayonunda Surxay xan qalasına, Filfilli kəndinə və onun ətrafındakı abidələrə, Quba ətrafındakı tarixi memarlıq abidələrinə təşkil etdiyimiz turlar var. Bu yaxınlarda Şəmkir və Gəncə turlarımız da olacaq.

- Arxeoloji turizmlə bağlı ziyarət edilən abidələrin vəziyyəti necədir?

- Azərbaycanda uzun müddət arxeoloji tədqiqatlar aparılıb. 1920-ci ildən sonra bu, daha da genişlənib və dövlət səviyyəsində bir sıra işlər görülüb. Daha böyük ərazilər öyrənilib. Lakin bu gün həmin tədqiqatların aparıldığı yerlərdə heç nə görmək mümkün deyil. Ot basıb, otlaqlarla çevrilib, konservasiya edilmədiyindən arxeoloji turizm məhsuluna çevrilməyib və insanların ziyarəti mümkün olmayıb. Bəzi hallarda həmin qazıntıların tapıntılarını isə muzeylərdə görmək olar.

2000-ci illərdən Bakıda, Tovuzda, Naxçıvanda, Şəmkirdə, Qəbələdə və digər yerlərdə aparılan arxeoloji təqqiqatlardan sonra bəzi abidələr konservasiya olunub. Məsələn, Şəmkir qalası, Göytəpədə neolit dövrü abidəsi. “SEBA” Koreya-Azərbaycan Mədəniyyət Mübadiləsi Asossiasiyası Qəbələdə abidənin yanında böyük bir muzey kompleks yaradıb ki, tapılan materiallar orada nümayiş etdirilir. Ağsuda qalıqların üzəri örtülüb və tapıntılar yerində sərgilənir. Turistlər ilin istənilən fəslində oranı ziyatət edə bilir. Yəni konservasiya işləri görüldükcə arxeoloji turizm üçün yeni obyektlər və bu tip turizmdə canlanma yaranır.

- Bu turların təşkil edildiyi bölgələrdə infrastruktur sizi qane edirmi?

- İnfrastrukturun olması arxeoturlarla bağlı əsas məsələlərdən biridir. Yəni bu abidələrə gedən yolların bərpası, turistlərin qalması üçün şəraitin yaradılması olduqca vacibdir. Arxeoloji turizmin inkişafı üçün infrastruktur yaradılmalıdır. Belə turlar üçün ilk növbədə obyektin, ikinci infrastrukturun olması, üçüncü isə təbliğatın aparılması lazımdır. Təbliğat olmadan insanları bu ziyarətlərə cəlb etmək çətindir. Buna nail olmağa başlamışıq. Çox sevindiricidir ki, artıq bölgələrimizdəki abidələrin yaxınlığında olan kəndlərin sakinləri də ziyarətlərə gəlir və bu yerlər haqda övladlarını məlumatlandırırlar.

- Əhalinin bu turlara marağı nə dərəcədədir?

- Turlarımız yerli və xarici turistlərin marağına səbəb olur. Biz vaxtaşırı olaraq əhalimizin arxeoloji abidələri hansı səviyyədə tanıdıqlarını öyrənmək üçün sorğular keçiririk. Çox təəssüf edirəm ki, bu sahədə bəzi problemlər var. Bəzən sorğularda iştirak edənlər belə abidələri nəinki tanıdıqlarını, hətta tanımaq istəmədiklərini söyləyirlər. Bu, təbliğatın aşağı olması ilə əlqədardır. Çalışırıq ki, bu sahədə bilikləri artırmaq üçün müvafiq qurum və təşkilatlarla birgə iş aparaq.

- Xarici turlarınız haqda məlumat verərdiniz.

- Xarici turlarımız daha çox konfrans turları ilə əlaqədar olur. Sentyabrın 20-26-da Hindistanda belə bir konfrans keçiriləcək. Bu, "Miras" İctimai Birliyi, Səlcuq Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi və Jamia Millia Islamia Universiteti tərəfindən keçiriləcək III Beynəlxalq Türk İncəsənət, Tarix və Folklor Simpoziumudur. İstənilən şəxs bizə müraciət edərək bu konfranda iştirak edə bilər.

- Gələn ay qeyd ediləcək Arxeologiya Günü ilə bağlı hansı tədbirləriniz nəzərdə tutulur?

- İyul ayının 11-i dünyada Arxeologiya günü kimi qeyd ediləcək. Bu gün, 2008-ci ildə Ümumdünya Arxeologiya Konqresi prezidentinin YUNESKO-ya müraciətindən sonra təsis edilib. "Miras" Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi bu il həmin günü “Keçmişdən gələcəyə körpünü arxeoloqlar qurur” şüarı altında keçirəcək. Tədbir zamanı Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində “Arxeologiya inciləri” foto sərgisinin, kompleks haqqında Teymur Nəcəfzadənin hazırladığı 3D təqdimatın nümayişi, arxeoloqlarla görüşün keçirilməsi nəzərdə tutulub. Həmin gün əksər turistlərin arxeoloji abidə ilə tanışlıqdan başqa arxeoloji qazıntılarda iştirakını təmin edəcəyik. Biz bu sahə ilə maraqlanan hər kəsi həmin gün orta əsr Azərbaycan tarixinin nadir incilərindən sayılan Ağsu şəhərinə dəvət edirik. 

 

Mənbə: ailem.az