XƏBƏRLƏR |
Ağsutex layihəsi başlanıb |
24.10.2017 |
Facebook Twitter Google Myspace |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “AĞSUTEX: Məktəbdə texniki fənnlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsinə başlanılmışdır. |
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “AĞSUTEX: Məktəbdə texniki fənnlərin öyrədilməsində müasir innovativ üsullardan istifadə” layihəsinə başlanılmışdır. Layihənin əsas məqsədi müasir təhsil proqramlarında qarşıya qoyulan əsas vəzifələrə uyğun olaraq təhsilin əyaniliyini, təcrübiliyini, innovativliyini və beynəlxalq təhsil proqramları ilə əlaqədə inkişafını təmin etmək üçün Ağsu şəhəri 1 saylı təbiət fənnləri təmayüllü məktəb-liseydə texniki-təbiət - kimya, fizika, biologiya, texnologiya fənnlərinin tədrisində müasir innovativ üsullardan istifadə və tətbiq edərək tədrisin səviyyəsini yüksəltməkdir.
Layihə çərçivəsində istər Ağsu şəhəri 1 saylı təbiət fənnləri təmayüllü məktəb-liseyinin, istərsə də Ağsu şəhərinin digər ümumtəhsil məktəblərinin texniki fənnlərin tədrisi sahəsində problem, nailiyyət və perspektivləri araşdırılacaq, sorğular keçiriləcək və ekspertlər tərəfindən emal olunacaq, təklif və tövsiyələr hazırlanacaq. Məktəbin laboratoriyasının müasir tələblərə uyğun olması yerli mütəxəssislər və cəlb edilmiş ekspertlər tərəfindən bir daha nəzərdən keçiriləcək və laboratoriya şərti olaraq "AĞSUTEX" adlandırılacaq. Laboratoriyaya kimya, fizika, biologiya və texnologiya fənnlərinin tədrisi məqsədilə müasir mobil (daşınar) cihazlar alınacaq, onların işlədilməsi sahəsində mütəxəssis dəstəyi təmin ediləcək. Bura əsasən qida və suların, əşyaların tərkibini öyrənən cihazlar, havalandırma və rütubəti təyin edən sensorlar, proqram applikasiyaları, şəkər, qan analizi apara bilən aparatlar, insan və heyvan skeleti nümunələri və s. daxildir. Məktəbin həyətində Ağsu miniatür Bioparkı yaradılacaq, 300 kv.m. ərazi abadlaşdırılacaq, yeni bitkilər əkiləcək, ekosistem formalaşdırılacaq. Bioparkın yaradılmasında müəllim, məktəbli və valideynlərdən ibarət könüllülərin iştirakı da təmin olunacaq. Bəzi açıq dərslər Bioparkda keçiləcək. AzGranata qida sənayesi emal müəssisəsinin istehsal prosesi və onun meyvə bağlarının işi ilə şagirdlərin tanış olmasına şərait yaradılacaq, ekoturlar təşkil ediləcək. Beynəlxalq YOCOCU Assosiasiyası və MİRAS İctimai Birliyi ilə əməkdaşlıq edərək Orta əsr Ağsu şəhəri Arxeoloji Turizm Kompleksində mədəni irsin konservasiyasında kimya, fizika, biologiya və texnologiya fənnlərinin rolunu əyani şəkildə göstərmək məqsədilə 5 günlük YOCOCU Ağsu kursu təşkil olunacaq və iştirak etmiş şagirdlərə sertifikatlar təqdim ediləcək. Kurs üçün YOCOCU Asossasiyasının üzvü olan könüllü mütəxəssislər İtaliya və Türkiyədən online qoşulacaq.
Layihənin rəhbəri Aslan Nadirov adına Ağsu şəhər 1 saylı məktəb-liseyin direktoru Sənan Nemətovdur. Layihənin ekspertləri Prof.Dr. Vüqar Mikayılov və Dr. Fariz Xəlillidir.
17 oktyabr 2017-ci il tarixdə Aslan Nadirov adına Ağsu şəhər 1 saylı məktəb-liseydə layihə iştirakçıları ilə ekspertlərin birgə görüşü keçirilib. Layihənin rəhbəri Sənan Nemətov layihənin hazırlıq işlərinin başa çatdırıldığını, layihədə iştirak edəcək könüllülərin seçildiyini, ekspertlərlə müqavilələrin imzalandığını, laboratoriyalara baxış keçirildiyini, məktəbə alınacaq daşınar cihazların siyahısının müəyyən edildiyini, Biopark üçün yerin seçildiyini, ekoturların vaxtlarının razılaşdırıldığını, İtaliya və Türkiyədən onlayn qoşulacaq mütəxəssislərin razılığının alındığını qeyd edib. Rayonun digər məktəblərində texniki və təbiət fənlərini tədris edən müəllimlər arasında sorğunun aparılması üçün anket hazırlanmış və sorğunu aparacaq intervüyer təlimatlandırılmışdır.
Layihənin eksperti Prof.Dr. Vüqar Mikayılov layihənin məktəbin tədris fəaliyyətinə müsbət təsir göstərəcəyini, məktəblilərin texniki fənlərə hazırlığını stimullaşdıracağını qeyd edib. AzGranata müəssisəsi Ağsuda yaşayan ixtisaslı kadrlara ehtiyac duyduğunu hər zaman qeyd edib. Kimya və fizika elminin incəliklərinə yiyələnən gənclərimiz inkişaf edən iqtisadiyyatımızın istənilən sahəsində özlərinə iş tapa biləcəklər. Bu məqsədlə AzGranata müəssisəsi yüksək nəticə göstərən məktəblilərin müəssisənin laboratoriyasında kursunu təşkil etmək niyyətindədir. May ayında məktəblərarası kimya olimpiadası təşkil edə biləcəklərini də vurğulayıb.
Layihənin eksperti Dr. Fariz Xəlilli mədəni irsin, arxeologiyanın digər elmlərin iştirakı olmadan öyrənilməsinin mümkün olmadığını qeyd edib. Ağsuda aparılan arxeoloji qazıntıların nəticələri əsasında kimya, fizika, biologiya, informatika elmlərindən istifadənin yollarından bəhs edib. Bu elmlərin analiz nəticələri olmasa arxeologiya elmi sadəcə təsvirçilikdən ibarət olur. Geomaqnit və georadar, infraqırmızı fotoqrafiya, lidar cihazların tətbiqi ilə qazıntıların düzgün planlaşdırıldığını qeyd edib. YOCOCU Assosasiyası və MİRAS İctimai Birliyi ilə birlikdə Orta əsr Ağsu şəhərində 5 günlük kursun təşkil ediləcəyini, İtaliya və Türkiyədən mütəxəssislərin onlayn qoşulacağını bildirib.
Tədbirdə həmçinin məktəbin fizika müəllimi Məmmədyar Kərimov, kimya müəllimi Aydın Usubəliyev, biologiya müəllimləri Tamella Əliyeva, Dilşad Səfərova çıxış edərək layihənin əhəmiyyətindən danışıb, bu işə lazımi köməyi göstərəcəklərini bildiriblər. Sonra şagirdlərdən Zenfira Abdullayeva və Lamiyə Bağırova çıxış edərək fikirlərini, təkliflərini qeyd ediblər. Belə layihələrin onların həyatında və təhsillərində böyük rol oynayacağına inandıqlarını bildiriblər.
Sonda ekspertlər kimya, fizika laboratoriyalarında, biologiya kabinetində olub, mövcud texniki avadanlıqlarla, əyani vəsaitlərlə yerindəcə tanış olub, ehtiyac olan daşınar avadanlıqların alınması məsələlərini müzakirə ediblər. |
|