Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

ARXEOMƏKTƏB
Arxeologiya tariximiz seminarı keçirilib
11.11.2017
Facebook
Twitter Google Myspace

 Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Arxeoməktəb: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” layihəsinin icra planına uyğun olaraq noyabrın 10-da Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının konfrans zalında “məktəbli arxeoloqlar”ın AMEA-nın müxbir üzvü Vəli Əliyevlə görüşü təşkil edilib. 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Arxeoməktəb: Keçmişdən gələcəyə - Tarix fənninin tədrisinin davamlılığının artırılması” layihəsinin icra planına uyğun olaraq noyabrın 10-da Seyid Cəfər Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının konfrans zalında “məktəbli arxeoloqlar”ın AMEA-nın müxbir üzvü Vəli Əliyevlə görüşü təşkil edilib. Tədbirdə gimnaziyanın 30-dan artıq şagirdi, gimnaziya rəhbərliyi, layihənin eksperti Dr. Fariz Xəlilli və digər şəxslər iştirak ediblər. Görüşdə Vəli Əliyev “Arxeologiya tariximiz” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra məktəbli arxeoloqları maraqlandıran sualları cavablandırıb. Görüş üçün bir saat vaxt müəyyən olunmasına baxmayaraq, şagirdlərin göstərdikləri xüsusi marağı nəzərə alaraq seminarın vaxtı uzadılıb və nəzərdə tutulandan iki saat artıq davam edib. Görüşdə Tarixin qədim mərhələsinin öyrənilməsinin əhəmiyyətindən danışan Vəli Əliyev layihənin əhəmiyyətini vurğulayıb, Azərbaycanda ilk dəfə “Arxeoməktəb klubu”nun yaradılmasının mühüm hadisə olduğunu qeyd edib. O, deyib ki, arxeoloji və etnoqrafik materiallar tarixin dilidir. Onlara biganə qalınmamalı, aşkar edilmiş ən xırda tarixi, arxeoloji və etnoqrafik materialın toplanılması və onların öyrənilmək üçün təqdim olunması lazımdır. Arxeologiya elmi tarixə nəzarətçi elmdir. “Azərbaycanda aparılan arxeoloji araşdırmalar və onların nəticələrindən sonra belə qənaətə gəldim ki, Tarix Kramerin dediyi kimi şumerdən yox, məhz Azərbaycandan başlayır.” - Vəli Əliyev deyib. O, Məmmədəli Hüseynovun araşdırmalarını təkcə Azərbaycan deyil, dünya əhəmiyyətli tarixi nailiyyət adlandırıb. Arxeoloji materialların yaşının müəyyən edilməsi ilə bağlı məlumat verən Vəli Əliyev bunu nümunələrlə göstərib. Sonda məktəbli arxeoloqların fəaliyyəti ilə bağlı təklif və tövsiyyələrini səsləndirən Vəli Əliyev arxeoloqların gənc nəslinin yetişdirilməsi üçün lazım olan hər cür köməkliyi göstərəcəyini, onlarla mütəmadi görüşlər keçirə biləcəyini vurğulayıb.

Növbəti həftələrdə Şamaxı və Ağsu rayonlarına təşkil ediləcək Arxeoloji ekspedisiyada iştirak edəcək “məktəbli arxeoloqlar”ın seçilməsi üçün 6 noyabrda müsabiqə elan edilib. Müsabiqənin mövzusu: Tariximiz sərvətimizdir.

Bununla yanaşı, “Arxeoməktəb: Keçmişdən gələcəyə” kitab-kataloq üzərində işlər də başlanıb.