Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
I Beynəlxalq Ağsu Simpoziumu keçirilib
10.11.2018
Facebook
Twitter Google Myspace

09-10 noyabr 2018-ci il tarixdə MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşəbbüsü, Odlar Yurdu Universiteti, Türkiyənin Kastamonu Universiteti, İtaliyanın YOKOKU Asossiasiyası və Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutunun dəstəyi ilə Ağsu şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş Türk Dünyası Dövlətçilik İrsi mövzusunda I Beynəlxalq Ağsu Simpoziumu keçirilib.

Simpoziumda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu, A.A.Bakıxanov adına Tarix İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Qafqazşünaslıq İnstitutu, Fəlsəfə İnstitutu, AMEA-nın Gəncə bölməsi, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, Azərbaycan Texniki Universiteti, Naxçıvan Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, Odlar Yurdu Universiteti, Azərbaycan Universiteti, Şirvan şəhər 16 nömrəli tam orta məktəb, Quba şəhəri Soyqırımı Memorial Kompleksi, İsmayıllı şəhəri 1 nömrəli tam orta məktəbi, Kürdəmir şəhəri S.Paşayev adına 6 nömrəli tam orta məktəb, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Türkiyənin Kars Kafkas Universiteti, Niğde Ömer Halisdemir Universiteti, İtaliya Beynəlxalq Yokoku Assossasiyası, Kalabriya Universiteti, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutunu təmsil edən alimlər və tədqiqatçılar iştirak ediblər. 

Simpozium iştirakçıları ilk öncə Ağsu şəhərində yerləşən Ümummilli Lider Heydər Əliyevin xatirə abidəsini ziyarət ediblər. Daha sonra XV əsrin yadigarı olan Ağsu şəhərinin 1 km-liyində yerləşən Şeyx Dursun türbəsində 2018-ci ilin iyul-noyabr aylarında həyata keçirilən konservasiya və konsolidasiya işlərinin təqdimatı baş tutub. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyev Şeyx Dursun türbəsində görülən işləri təqdir edib, Sovet dövründə bərpa zamanı baş vermiş yanlışlıqların aradan qaldırılmasını mühüm hadisə adlandırıb. YOKOKU Asossiasiyasının Prezidenti Dr. Andrea Makkia Azərbaycan və İtaliya bərpaçılarının bu əməkdaşlığının və təcrübə mübadiləsinin davamlı olmasını arzulayıb. Tarixçi Dr. Fariz Xəlilli Əhməd Padarın oğlu Şeyx Dursunun orta əsrlərin önəmli sufi ünvanlarından olan övliyaların qütbü və şəhidlərin sədri adını daşımasını və Şirvanşahlar dövlətində əsas sufi məktəbi olan xəlvətiliyə mənsub olmasını qeyd edib. Sonra alim və mütəxəssislərin sualları cavablandırılıb. 

Simpoziumun Ağsuda Uşaq-Gənclər Bədii Yaradıcılıq Mərkəzinin konfrans zalında baş tutan açılış mərasimində Simpozium Təşkilat komitəsinin sədri Dr. Fariz Xəlilli çıxış edərək iştirakçıları salamlayıb. O, bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının sərəncamı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş çoxsaylı tədbirlərin keçirilməsi dövlətçilik tariximizə dair araşdırmalara stimul vermişdir. İndiyə qədər MİRAS İctimai Birliyinin təşəbbüsü və dövlətimizin dəstəyi ilə Ağsu şəhərində IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı (2012-ci il), IV Beynəlxalq Mədəni İrsin Konservasiyasında Gənclər Konfransı (2014-cü il, Materiallar kitabı Kembric Universiteti nəşriyyatı tərəfindən nəşr edilib: www.cambridgescholars.com/yococu-2014) və digər simpozium, seminar, kurslar, layihələr həyata keçirilib. Bu il birincisi keçirilən Beynəlxalq Ağsu Simpoziumunun hər il noyabr ayında keçirilməsinin planlaşdırıldığını deyib. 

Ağsu rayonu İcra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev, Odlar Yurdu Universitetinin prorektoru Prof.Dr. Tərlan Abdullayev, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sektor müdiri Arif Əliyev, Ağsu arxeoloji ekspedisiyasının rəisi Prof.Dr. Qafar Cəbiyev, YOKOKU Asossiasiyasının prezidenti Dr. Andrea Makkia, AzGranata-nın direktor müavini Prof.Dr. Vüqar Mikayılov Simpoziumun həm elm aləmi, həm də Ağsu üçün əhəmiyyətindən danışıblar. 

Cümhuriyyətin qurucularından biri Məhəmməd Əmin Rəsulzadənin son şeirini ingilis dilinə çevirən Naridə Qasımova onu səsləndirib. Simpoziumda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə icra edilən “Ağsuda tərəkəmə ənənələrinin araşdırılması, kitabın nəşri və seminarların keçirilməsi” layihəsi çərçivəsində “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tərəfindən yaradılmış Xançoban folklor ansamblı (üzvləri: Ruslan Adgözəlov, Pərviz Osmanov, Dadaş Məmmədov, Cahid Mikayılov, Elsevər Rəsulov, Elməddin Quliyev və Səriyyə Pirimova) maraqlı kompozisiya və proqramla çıxış edib. 

Daha sonra bölmə iclaslarında Azərbaycan Xalq Cümhuriyyətinin yaranması, Azərbaycan Xalq Cümhuriyyətinin daxili və xarici siyasəti, Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət və ədəbiyyat, Azərbaycan Parlamenti, Azərbaycanda soyqırım aktları, Qafqaz İslam Ordusunun Bakını azad etməsi, Azərbaycan mühacirəti tarixi, Azərbaycan Xalq Cümhuriyyəti - 100 il rəqəmlərdə: əhali, iqtisadiyyat və beynəlxalq əlaqələr mövzularında məruzələr dinlənilmişdir.