Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Ağsu Qoruğunda arxeoloji düşərgə təşkil olunub.
12.8.2023
Facebook
Twitter Google Myspace

 9 avqust tarixində AMEA Arxeologiya və  Antropologiya  İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə İsmayıllıdan olan məktəblilər, tarix üzrə olimpiadalarda yüksək nəticə göstərmiş şagirdlər, İsmayıllı rayonu I və II Qarabağ müharibəsinin şəhid və qazilərinin övladları üçün Ağsu qoruğunda arxeoloji düşərgə təşkil olunub.

 9 avqust tarixində AMEA Arxeologiya və  Antropologiya  İnstitutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin rəhbərliyi ilə İsmayıllıdan olan məktəblilər, tarix üzrə olimpiadalarda yüksək nəticə göstərmiş şagirdlər, İsmayıllı rayonu I və II Qarabağ müharibəsinin şəhid və qazilərinin övladları üçün Ağsu qoruğunda arxeoloji düşərgə təşkil olunub. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Orta əsr Ağsu şəhəri” Dövlət-Tarix Mədəniyyət Qoruğu və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə dəstək Mərkəzinin birgə lahiyəsi olan arxeoloji düşərgənin məqsədi gəncləri mədəni irs abidələri ilə əyani tanış etmək, onların bilik və bacarıqlarını nəzəri və təcrübi əsaslarla artırmaq, gənclər arasındakı ünsiyyəti genişləndirməkdir.Arxeoloji düşərgədə İsmayıllı Uşaq və Ailələrə dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva, mərkəzin əməkdaşları, İsmayıllı şəhər 5 saylı məktəbin direktor müavini Aynur Əzimova, Ağsu Qoruğunun əməkdaşları iştirak ediblər. Dr. Fariz Xəlilli arxeologiya elmindən bəhs edib, bu elmin materiallarının, tapıntılarının qazıntılar nəticəsində üzə çıxdığını qeyd edib. O, qazıntı işlərinin daha çox yay mövsümündə həyata keçirildiyini diqqətə çatdırıb və əlavə edib ki, AMEA Arxeologiya və  Antropologiya  İnstitutu bu günlərdə Azərbaycanın çox yerində qazıntılar aparmaqla məşğuldur. “Arxeoloq” olmaq çətin və ağır şərtlər altında fədakarlıqla çalışmaq deməkdir” - deyə o, əlavə edib.  Fariz Xəlilli “Orta əsr Ağsu şəhəri” adlı məruzəsində şəhərin tarixi haqqında məlumat verib və 2010-2012-ci illərdə şəhər yerində aparılan qazıntıların nəticəsindən danışıb. Fariz Xəlilli bildirib ki, “Orta Əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu 2019-cu il oktyabr ayının 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə yaradılıb. Nadir şahın 1735-ci ildə inşa etdirdiyi şəhər 40 ha sahəni əhatə edib. 2010-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu arxeoloji ekspedisiyası professor Qafar Cəbiyevin rəhbərliyi ilə qazıntılara başlayıb. 2012-ci ilin dekabrınadək 3 il ərzində aparılan arxeoloji tədqiqatlarda 1,5 ha sahə öyrənilib, 7000 kv.m. sahənin üzəri örtülüb. O, arxeoloji tədqiqatların nəticələrinə dair elmi məqalələrin müəllifi olduğunu və dünyanın müxtəlif ölkələrində tədqiqatlara dair məruzələrlə çıxış etdiyini qeyd edərək, məktəbliləri tarix və arxeologiya elminə həvəsləndirib. İmitasiya olunmuş arxeoloji qazıntı Ağsu qoruğu ərazisindəki baş meydanda bir neçə saat müddətində həyata keçirilib. Ilkin olaraq, məktəblilər qruplara bölünüb, sahə ilə tanış olub və arxeoloqun təlimatlarını dinləyiblər. Qazıntı iştirakçılarına proses zamanı tətbiq olunacaq alətlər haqqında məlumat verilib, maska, əlcək, bel, qoruyucu papaq və s. ilə təmin olunublar. Üç qrup şəklində işə başlayan məktəblilər ilk olaraq yeri bellə qazıb, sonra mala ilə torpaq xırdalayıb, müxtəlif materiallar aşkar ediblər. Qazıntı nəticəsində məktəblilər tərəfindən heyvan sümükləri, saxsı qab parçaları, dəmir əşyalar və şıxarlar, 2 ədəd mis sikkə, kömür qalıqları və digər tapıntılar aşkara çıxarılıb. Tapıntılar məktəblilərin marağına səbəb olub. Eksponatlar ayrı-ayrılıqda götürülərək, təmizlənilib və qeydiyyata alınıb. Fariz Xəlillinin təlimatı əsasında məktəblilər eksponatları aktlaşdırıblar. İsmayıllı Uşaq və Ailələrə dəstək Mərkəzinin direktoru Lətifə Əliyeva Ağsu Qoruğunun rəhbərliyinə və kollektivinə, tarixçi alim Fariz Xəlilliyə təşəkkürünü bildirib. İştirakçılara proqram çərçivəsində Ağsu Qoruğunun tarixi abidələri - Sənətkarlıq məhəlləsi, Hamam-yaşayış kompleksi, buzxana-anbar və Cümə məscidi abidələri üzrə ekskursiya təşkil olunub. Onlar  həmçinin, Ağsu Qoruğunda tarixi Cümə məscidi ərazisindəki “Ağsu şəhərində Şıxməzid xanəgahı sərgisi” ilə də tanış olublar.

Sonda tədbir iştirakçıları ilə xatirə fotosu çəkilib. Məktəblilər düşərgədən xoş təəssüratlarla ayrılıblar.