Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

MƏDƏNİYYƏTLƏR
Kür-Araz mədəniyyəti

Cənubi Qafqazın Mərkəzi və Şərq hissələri, Şimal-şərqi Qafqazın, Cənubi Azərbaycanın...

 

 

 

Cənubi Qafqazın Mərkəzi və Şərq hissələri, Şimal-şərqi Qafqazın, Cənubi Azərbaycanın və Şərqi Anadolunun əsas əraziləri elmdə Kür-Araz mədəniyyəti adlanan vahid maddi-mənəvi əsasa malik qəbilələr tərəfindən məskunlaşır. Bu mədəniyyət ona xas material ilk dəfə 1940-cı ildə Kür və Araz çayları arasında tapıldığına görə belə adlandırılmışdır. Kür-Araz mədəniyyəti e.ə. IV minilliyin ortalarından III minilliyin son rübünədək xronoloji çərçivəni əhatə edən ilk tunc dövrünə aiddir.
Əkinçi-maldar qəbilələr. İlk tunc dövründə Azərbaycanın düzən və dağlıq rayonlarını əkinçi-maldar qəbilələr tutur. Böyük yaşayış məntəqələri yaranır, əhali artır, patriarxal münasibətlər qəti olaraq möhkəmlənir. Hakimiyyət və mülkiyyət qəbilə başçılarının əlində cəmləşir. Bəzi yaşayış yerlərində müdafiə sədləri tikilir. Evlər dairəvi, bəzən düzbucaqlı planlı inşa olunur. Otaqları qızdırmaq üçün gil manqallardan istifadə edilir. Artıq düzsəthli kürələrdə çörək bişirilir. Qoyunçuluğun inkişafı yaylaq maldarlığına təkan verir. Yaylaqlarda maldar qəbilələrə məxsus kurqanlar aşkar olunur. Bu dövrdə gil nehrə icad edilir.
Sənətkarlıq. Kür-Araz mədəniyyəti qəbilələri əsasən mis-mərgümüş, bəzi hallarda qalay qatışığından ibarət tunc əşyalar hazırlayırdı. Babadərvişdən mis-əritmə kürəsi, qəlib, metal əşyalar aşkar olunmuşdur. Dulusçuluq, toxuculuq, dəri istehsalı və s. sənət sahələri geniş yayılmışdı. Cənubi Qafqazın ilk tunc dövrü gil məmulatı Kür-Araz mədəniyyətini müəyyənləşdirən amil rolunu oynayır.
Gil heyvan fiqurları. Kür-Araz mədəniyyəti dövrünün əsas təsərrüfat sahələrindən olan maldarlığın öyrənilməsində yaşayış yerlərindən tapılmış gil heyvan fiqurları böyük əhəmiyyətə malikdir. İlkin dini təsəvvürlərlə – heyvanlara sitayişlə əlaqədar düzəldilən bu fiqurlar Yaxın Şərq və Cənubi Qafqazın bir çox abidələrindən məlumdur. Azərbaycanda bu dövrün gil fiqurları əsasən I Kültəpədə və Babadərvişdə aşkar olunmuşdur. I Kültəpədə aşkar olunan heyvan fiqurlarının çoxunu öküz (21 ədəd), qalanlarını qoyun, keçi və it (3 ədəd) təşkil edir.
Öküzə inam. Gil öküz fiqurları və həmin heyvan dəfn edilmiş qəbirlər Azərbaycanda qədimdən öküzə inamın geniş yayıldığını göstərir. Babadərvişdə öküzə pərəstiş öküz başlı sacayağılardan da görünür. Yerli zəmində meydana çıxan, buradakı tayfaların dünyagörüşünü əks etdirən bu inam əvvəlcə maldar qəbilələrin arasında yaranmış, sonradan əkinçilərin arasında yayılmışdır. I Kültəpə öküz fiqurlarının bir neçəsinin burnunda üfüqi deşik açılmış, bəzilərinin gözlərinin təsviri cızma üsulu ilə yerinə yetirilmişdir.
 

7911 dəfə oxunub