Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

MƏDƏNİYYƏTLƏR
Gəmiqaya əfsanəsi

Gəmiqaya Ordubad rayonu ərazisində, Nəsirvaz kəndindən şimal-şərqdə yerləşir.

 

 

 

Gəmiqaya Ordubad rayonu ərazisində, Nəsirvaz kəndindən şimal-şərqdə yerləşir. Kiçik Qafqazın ən hündür zirvəsi olan Qapıcıq dağının (3906 m) xalq arasında daha çox işlənən adıdır. Sərt sıldırımlı qayalardan ibarət dağ dördüncü geoloji dövrdə yaranmışdır. O qədim dünyanın ən müqəddəs panteonlarından biri sayılır. Nuh peygəmbərin Gəmiqaya dağından keçməsi və ya orada dayanması haqqında müxtəlif rəvayətlər vardır. Görünür, Qapıcıq zirvəsinin uzaqdan mavi səma fonunda dərin ümmanlarda üzən nəhəng gəmiyə oxşarlığı ona Gəmiqaya adını vermişdi.
Gəmiqaya təsvirləri. Gəmiqayada bəşəriyyətin ilk nəsillərinin yarandığı Mezolit-Tunc dövrlərinin mədəniyyət izləri vardır.Gəmiqayanın qayaüstü təsvirləri XX əsrin 60-cı illərindən etibarən arxeoloq Vəli Əliyev tərəfindən tədqiq olunmağa başlanmışdır. Qədim qayaüstü təsvirlər Qaranquş yaylağında 2800-3500 m yüksəklikdə bazalt cinsli qayalar üzərində qazma-sürtmə-döymə üsulu ilə rəsm edilmişlər. Tədqiqatlar nəticəsində Gəmiqaya petroqliflərinin sayının 1000-dən artıq olduğu müəyyən olunmuşdur. Qayalarda həyatla bağlı olan, real və rəmzi məna kəsb edən maraqlı rəsmlər, işarələr, damğalar həkk edilmişdir. Bu ibtidai təsviri sənətin inkişafı ilkin yazı mədəniyyəti nümunələrinin – piktoqrafik mətnlərin yaranmasına gətirib çıxarmışdır. Təsvirlərin əksəriyyətinin mövzusu əkinçilik, maldarlıq və ovçuluqla bağlıdır. Bəzən totemlərə və səmavi cisimlərə aid, qədim insanların ilkin dini görüşlərini əks etdirən təsvirlərə də rast gəlinir. Təsvirlərdən müəyyən mərasimlərdə rəqslərin icra olunması aydın görünür. Gəmiqaya rəsmlərinin bir qismi nəsli artımı, məhsuldarlığı, həyatın yeniləşməsini əks etdirir.Qobustan, Gəmiqaya, Anadolu, Sünik, Kəlbəcər və Abşeronun tunc dövrü qayaüstü rəsmlərinin eyni üslubda icra olunması, əksər süjetlərin eyniliyi, qədim Azərbaycanda və onunla yaxın qonşu ərazilərdə mədəniyyət və etnik mənşəcə bir-birinə qohum tayfaların yaşadıqlarını göstərir.

5488 dəfə oxunub