Azərbaycanın arxeologiya və turizm portalına xoş gəlmisiniz!

XƏBƏRLƏR
Arxeologiya elminin layiqli əsəri
19.12.2018
Facebook
Twitter Google Myspace

Azərbaycan Respublikası XX əsrdə özünün ikinci dəfə 1991-ci il oktyabrın 18-də dövlət müstəqilliyi haqqında aktını qəbul etdikdən sonra Azərbaycanın zəngin tarixini tədqiq etmək üçün gözəl şərait yaranmış oldu. Məhz müstəqillik nəticəsində alimlərimizin dünyanın istənilən ölkəsinə və tədqiqat müəssisəsinə gedib mühazirə oxuması, müştərək elmi tədqiqatlar aparması üçün bütün maneələr aradan götürüldü. 

Nəticədə dövlət müstəqilliyimizin sonuncu dəfə əldə olunmasının 27-ci il dönümünü bu günlərdə qeyd etdik. Tarix üçün çox da böyük olmayan bu 27 il ərzində ölkəmiz ümummilli lider Heydər Əliyevin siyasi kursunun həyata keçirilməsi nəticəsində bütün sahələrdə uğurlar əldə olunmağa başladı. Digər elmlərdə olduğu kimi arxeologiya elmi sahəsində əldə olunmuş elmi nailiyyətlərə nəzər saldıqda görürük ki, əgər 1991-ci ilə qədər Azərbaycanda ilk ibtidai insanların məskunlaşma tarixinin 1,2-1,5 milyon ilə bərabər olması müəyyən olunmuşdursa, müstəqillik illərində isə Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri tarix elmləri doktoru, professor Ə.Cəfərovun2001-2005-ci illərdə beynəlxalq İNTAS proqramına uyğun olaraq Fransa, İtaliya, Rusiya, İspaniya, Gürcüstan və Azərbaycan alimləri ilə birgə apardığı tədqiqatlar nəticəsində respublika ərazisində qədim insanların məskunlaşma tarixinin 2,5 milyon ilə bərabər olması kompleks tədqiqatlar əsasında sübuta yetirilmişdir.

Son 50 ildə Azərbaycan ərazisində aparılmış arxeoloji kəşfiyyat və tədqiqat işləri zamanı paleolit, mezolit, neolit, eneolit, dəmir, antik və ilk orta əsrlər arxeologiyasına aid yüzlərlə arxeoloji düşərgələr qeydə alınaraq tədqiq olunmağa başlanmışdır.Nəticədə Azərbaycan ərazisində müəyyən edilmiş Quruçay, qədim aşel, orta aşel, üst aşel, mustye, üst paleolit, Xocalı-Gədəbəy, Muğan mədəniyyəti, Leylatəpə mədəniyyəti və digər arxeoloji mədəniyyətlərə aid yüz minlərlə arxeoloji, paleontoloji və paleoantropoloji tapıntılar əldə olunmuşdur.

Arxeologiya elminin yüksək inkişafını təmin etmək məqsədilə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2011 və 2012-ci ildə verdiyi sərəncamların müstəsna elmi əhəmiyyəti olmuşdur. Həmin sərəncamlara uyğun olaraq arxeologiya elminin maddi texniki bazasını möhkəmləndirmək məqsədilə Arxeologiya və Etnoqrafiya institutuna üst-üstə üç milyon manat əlavə vəsait ayrılmışdır. Bunun nəticəsi olaraq respublikamızın ərazisində aparılan arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində arxeologiyanın müxtəlif dövrlərinə aid abidələr və zəngin maddi mədəniyyət qalıqları qeydə alınaraq tədqiq olunmağa başlamışdır.Tapılmış maddi mədəniyyət qalıqları əsasında nəinki respublikamızın uzaq keçmişinin tarixini eyni zamanda insanın formalaşması, meydana gəlməsi, inkişaf etməsinin ayrı-ayrı mərhələlərini, miqrasiya proseslərinin, eyni zamanda ayrı-ayrı arxeoloji dövrlərinin heyvanat aləmini, bitki örtüyünü, petroqrafiyasını, paleocoğrafiyasını tədqiq etmək üçün zəngin artefaktlar tapılmışdır. Hazırda Azərbaycan arxeoloqlarının ən mühüm vəzifələrindən biri ölkəmizin ərazisində aşkar olunmuş maddi mədəniyyət qalıqlarını arxeologiya elminin müasir səviyyəsinə uyğun olaraq kompleks şəkildə tədqiq, təbliğ etmək və dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir. Buna uyğun olaraq həmin materiallara aid elmi məqalələr, əsərlər yazmaq tədqiqatçıların başlıca vəzifələri olmalıdır.

Bu baxımdan bu günlərdə çapdan çıxmış tarix elmləri doktoru, Arxeologiya və Etnoqrafiya İnstitutunun baş elmi işçisi Qafar Cəbiyevin «Azərbaycan arxeologiyasının əsasları» adlı kitabı xüsusilə diqqəti cəlb edir. Tarix elmləri doktoru Qafar Cəbiyev 40 ilə yaxındır ki, Azərbaycan ərazisində arxeoloji kəşfiyyat və tədqiqat işləri aparır. Onun nəticəsində də arxeologiyanın ayrı-ayrı dövrlərinə aid maddi mədəniyyət qalıqları aşkara çıxarılaraq tədqiq olunmağa başlamışdır. Qafar Cəbiyev bununla yanaşı uzun illər ərzində respublikamızın ali məktəblərində Azərbaycan tarixi və Arxeologiya fənnindən mühazirələr oxumuşdur. Məhz bunun nəticəsi olaraq onun yenicə çap olunmuş «Azərbaycan arxeologiyasının əsasları» adlı kitabı elmlə təhsilin vəhdəti nəticəsində yüksək səviyyədə yazılmış, arxeologiya elmi üçün mühüm töhfə hesab oluna bilər.

Qafar Cəbiyevin «Azərbaycan arxeologiyasının əsasları» adlı kitabı 14 bölmədən, istifadə olunmuş ədəbiyyat siyahısı, əldə olunmuş tapıntıların foto və rəsmlərindən ibarətdir. 593 səhifədən ibarət olan bu əsər gərgin zəhmətin və yuxusuz gecələrin məhsuludur. Əsər olduqca sadə dildə yazılmış, tapılmış maddi mədəniyyət qalıqları və düşərgələr yüksək peşəkarlıqla təsvir olunmuşdur. Məhz bunun nəticəsində oxucuda maraq oyadır və Azərbaycanın keçmiş tarixini öyrənmək üçün bu kitab olduqca maraqlı və keyfiyyəti ilə diqqəti cəlb edir.

Əsərin I bölməsi Azərbaycan arxeologiyasının təşəkkülü və inkişafına həsr olunmuşdur. Müəllif qeyd edir ki, Azərbaycan əraziləri zaman-zaman müxtəlif imperiyaların tərkibinə daxil olmuş, həmin imperiyaların yeritdiyi siyasət, xalqımızın milli maraqları ilə üst-üstə düşməyib. Məhz bunun nəticəsi olaraq milli tariximizin və milli mədəniyyətimizin bariz nümunələri olan tarixi mədəni irs erməni mafiyasına xidmət edən qüvvələr tərəfindən saxtalaşdırılmış və mənimsənilməyə başlanmışdır.Eyni zamanda XIX əsrdən başlayaraq Azərbaycan ərazisində olan bəzi səyyahlar və digər kortəbii tədqiqatçılar ölkəmizin ərazisində olan arxeoloji abidələrdə kortəbii və yırtıcı şəkildə arxeoloji qazıntılar aparmış və əldə etdiyi maddi mədəniyyət qalıqlarını özləri ilə birlikdə Avropa ölkələrinə aparmışlar…

«Azərbaycan arxeologiyasının əsasları» adlı kitabın II bölməsi Azərbaycanın qədim daş dövrü abidələrinə həsr edilmişdir. Bu bölmədə müəllif nəinki Azərbaycan ərazisində həmçinin özünün maddi mədəniyyət qalıqlarına, stratiqrafiyasına, fauna qalıqlarına və digər cəhətlərinə görə dünyada yeganə ən qədim insan məskəni olan Azıx paleolit düşərgəsindən aşkarolunmuş maddi tapıntılar xüsusilə düşərgədən tapılmış Quruçay, qədim aşel, orta aşel, son aşel və mustye mədəniyyətlərinə aid maddi mədəniyyət qalıqları düşərgənin tədqiqatçıları olan M.M.Hüseynov, D.V.Hacıyev, Ə.V.Məmmədov, Ə.Q.Cəfərov və digər alimlərin tədqiqat əsərləri əsasında geniş şərh olunmuşdur.

Bununla yanaşı Azərbaycan arxeologiya elmində son 100 ildə ilk dəfə olaraq Beynəlxalq İNTAS proqramı əsasında tədqiq olunmuş Azıx, Tağlar, Qazma, Buzeyir və digər paleolit abidələrinin tədqiqi və həmin düşərgələrin materiallarının elmi şərhinə də geniş yer vermişdir. Çünki Azərbaycanın Azıx paleolit düşərgəsində aparılan arxeoloji tədqiqat işləri zamanı tapılmış maddi mədəniyyət qalıqları əsasında ibtidai insanların respublika ərazisində meydana gəlməsi, inkişaf etməsi və formalaşmasına dair zəngin artefaktlar tapılmışdır. Azıx tapıntıları əsasında Azərbaycan ərazisinin ən qədim sivilizasiya mərkəzindən biri olması elmi əsaslarla təsdiq olunmuşdur. Əgər Azıx paleolit düşərgəsində aparılan arxeoloji tədqiqatlar ölkəmizin ərazisində ilk sakinlərin 2,5 milyon il bundan əvvəllərdən məskunlaşmasını və inkişafedib uzun müddət yaşadıqlarını göstərdisə Qarabağın Tağlar düşərgəsində aparılan elmi araşdırmalar isə neandertal tipli insanların bu ərazidə uzun müddət yaşadığını göstərdi və homo-sapiens tipli insanların bu ərazidə formalaşmasını arxeoloji mənbələr əsasında sübuta yetirdi. Eyni zamanda Tağlar paleolit düşərgəsində aparılan tədqiqatlar zamanı tapılmış əmək alətlərinin Yaxın Şərq ölkələri ərazisində xüsusilə İran və İraq ərazilərinə də yayılması müəyyən edildi. Bəzi Avropa alimlərinin fikrinin əksinə olaraq ibtidai insanların Azərbaycan ərazisinə gəlməsi və miqrasiyanın başlanmasının 2,5 milyon il bundan qabaq olması və ilk insanların Azıxda məskunlaşması ilə sübuta yetirildi. Bundan əlavə Azıx paleolit düşərgəsinin ibtidai insanların miqrasiya problemində əsaslı rol oynadığını və bundan sonra Azıxdan Cənubi Qafqaz ərazilərinə və o cümlədən Avropaya yayılması arxeoloji tədqiqatlar əsasında sübuta yetirildi. Qafar Cəbiyev öz əsərində bu mühüm problemləri ustalıqla şərh edə bildirmişdir.

Əsərin III bölməsi Azərbaycan ərazisində mezolit abidələrinə həsr olunmuşdur. Bu bölmədə müəllif Azərbaycanın mezolit düşərgələri haqqında müfəssəl şərhlər verir və respublika ərazisində qeydə alınmış Qobustan abidələrinin mezolit probleminin tədqiqində mühüm yer tutduğunu qeyd edir. Qafar Cəbiyevin kitabının IV bölməsi Azərbaycan respublikası ərazisində aparılmış arxeoloji kəşfiyyat və tədqiqat işlərinin nəticəsində qeydə alınmış neolit abidələrinin şərhinə həsr olunmuşdur. Müəllif qeyd edir ki, Azərbaycan respublikası ərazisində neolit mədəniyyətinə aid maddi mədəniyyət qalıqları ilk dəfə 1938-ci ildə Hummel tərəfindən Gəncaçay vadisində aparılan arxeoloji tədqiqat işləri zamanı qeydə alınmışdır. 1953-cü ildə M.Hüseynov tərəfindən aparılan arxeoloji kəşfiyyat işləri zamanı Qazax rayonu ərazisində olan Damcılı mağarasında neolit mədəniyyətinə aid zəngin maddi mədəniyyət qalıqları tapılmışdır. Sonralar isə neolit dövrünə aid maddi mədəniyyət qalıqları Qarabağ, Naxçıvan və Azərbaycanın cənub bölgələri ərazisindən qeydə alınaraq tədqiq olunmuşdur.

Əsərin V bölməsi Azərbaycan ərazisində aparılan arxeoloji kəşfiyyat və tədqiqat işləri nəticəsində eneolit dövrünə aid abidələrə həsr olunmuşdur. Azərbaycan ərazisində müəllif qeyd edir ki, eneolit dövrü e.ə. VI minillikdən başlayıb IV minilliyə qədər davam etmişdir. Eneolit dövründə iqtisadiyyat və mədəniyyətdə ümumi yüksəliş müşahidə olunur, əkinçilik və maldarlıq təsərrüfatın əsas sahələrinə çevrilir, əhalinin sayı artır, əkinçi, maldar qəbilələri geniş ərazilərə yayılır və nəticədə qəbilələr arası əlaqələr güclənir. Eneolit dövrünə aid respublika ərazisində I Kültəpə, Şomutəpə, Töyrətəpə, Baba-dərviş, Qarğalartəpəsi, Əliköməktəpə, Mişartəpə, Leylatəpə, Qaraköpəktəpə və digər abidələrdə əsaslı tədqiqat işləri zamanı eneolit dövrünə aid olduqca zəngin və elmi cəhətdən nadir əhəmiyyətli tapıntılar əldə olunmuşdur.

Əsərin VI bölməsi Azərbaycanın tunc dövrü abidələrinə həsr olunmuşdur. Q.Cəbiyev qeyd edir ki, respublikanın ərazisində IV minilliyin sonlarından başlamış və e.ə I minilliyin əvvəllərinə qədər davam etmiş tunc dövrü bəşər tarixinə mühüm töhfələr vermişdir. Tunc dövrü abidələri əsasında tədqiqatçılar bu dövrün 3 inkişaf mərhələsindən ibarət olmasını yekdillikdə qeyd edirlər. Azərbaycanın arxeoloji ədəbiyyatlarında erkən tunc dövrü abidələri Kür-Araz mədəniyyəti adı ilə məlumdur. Son illərin arxeoloji tədqiqatları zamanı bu mədəniyyəti səciyyələndirən arxeoloji düşərgələrin yayılma ərazisinin daha geniş olduğu müəyyən edilmişdir. Belə ki, Kür-Araz mədəniyyətinin izləri Cənubi Qafqazın bütün ərazisində eyni zamanda İranın şimal şərqində, Şərqi Anadoluda, Dağıstanda, Çeçen-İnquşetya və digər ərazilərdə də qeydə alınmışdır. Müəllif tunc dövrünün II inkişaf mərhələləri olan orta tunc və son tunc dövrünə aid tapılmış maddi mədəniyyət qalıqlarını və düşərgələrini geniş şərh etmişdir. Müəllifin qənaətinə görə son tunc dövrünə aid Xocalı-Gədəbəy mədəniyyəti abidələrinin əsasən dağlıq və dağətəyi ərazilərdə yayıldığı göstərilir. Bu mədəniyyətin daşıyıcıları əsasən maldarlıq və əkinçiliklə məşğul olmuşlar. Aparılan arxeoloji tədqiqatlar zamanı Azərbaycanın maldar tayfalarının daha çox qoyunçuluq təsərrüfatına üstünlük verməsi aparılan elmi araşdırmalar zamanı müəyyən olunmuşdur.

Qafar Cəbiyevin «Azərbaycan arxeologiyasının əsasları» adlı əsərinin VII bölməsi Azərbaycanın Dəmir dövrü abidələrindən tapılmış arxeoloji abidələrə və onların maddi mədəniyyət qalıqlarının xarakterik xüsusiyyətinə həsr olunmuşdur. Müəllifin qənaətinə görə insanların dəmirdən istifadənin üstünlüklərini mənimsədikdən sonra yeni-yeni əmək aləti növlərini hazırlamağa başladılar. Nəticədə respublika ərazisində sənətkarlığın sürətlə inkişaf etməsinə zəmin yaratmış oldu. Dəmirin kəşfi ilə əlaqədar olaraq ölkəmizin geniş ərazilərində meşələr təmizlənərək əkin sahələrinə çevrilməyə başladı. Müəllif qeyd edir ki, Azərbaycan ərazisindəki Dəmir dövrü abidələri əsasən yaşayış yerləri və qəbir abidələrindən ibarətdir. Arxeoloqlar tərəfindən Qax, Qazax, Abşeron, Qobustan, Şəmkir ərazisində və bir sıra başqa yerlərdə aşkar olunmuş Dəmir dövrü abidələri arxeoloji cəhətdən daha geniş öyrənilmişdir. Mil və Muğan düzü, habelə Talış dağları rayonunda və Naxçıvan ərazisində də Dəmir dövrü abidələri aşkar edilərək tədqiq olunub. Sarıtəpə, Baba-dərviş, Qaratəpə və Uzuntəpə arxeoloji baxımdan nisbətən daha yaxşı öyrənilmiş klassik Dəmir dövrü abidələri hesab olunur.

Qafar Cəbiyevin «Azərbaycan arxeologiyasının əsasları» adlı kitabının VIII-XII bölmələrində respublikamızın qədim dövlətləri olan Atropatenanın və Azərbaycan Albaniyasının ərazilərində aparılan arxeoloji tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqlarının elmi şərhi öz əksini tapmışdır. Bu bölmələrdə müəllif qeyd edir ki, aparılan arxeoloji tədqiqat işləri nəticəsində Atropatena dövlətinin maddi mədəniyyətinin tədqiqi üçün Azərbaycanın Mil-Muğan, Naxçıvan və digər bölgələrində aparılan tədqiqat işləri zamanı zəngin maddi mədəniyyət qalıqları aşkara çıxarılmışdır. Tapılmış arxeoloji materiallar içərisində tunc, dəmir, gümüş və qızıldan hazırlanmış əşyalar Atropatenada dəmirçilik və zərgərlik sənətinin inkişaf səviyyəsini tədqiq etməkdə əvəzsiz mənbədir.

Qafar Cəbiyev «Azərbaycan arxeologiyasının əsasları» adlı kitabında Azərbaycan Albaniyası ərazisində aparılmış tədqiqatlar zamanı əldə edilmiş zəngin maddi mədəniyyət qalıqlarının xarakterik xüsusiyyətlərini yüksək peşəkarlıqla şərh etmişdir. Qafqaz Albaniyası ərazisində aparılan arxeoloji tədqiqat işləri nəticəsində ölkənin paytaxtı olan Qəbələdə aparılan arxeoloji tədqiqatlar zamanı bu dövlətin tarixinin tədqiq olunması üçün zəngin maddi mədəniyyət qalıqları tapılmışdır. Aparılan arxeoloji tədqiqatlar zamanı məlum olmuşdur ki, Qəbələ şəhəri antik dövrdə olduğu kimi erkən orta əsrlərdə də çox mühüm sənətkarlıq mərkəzi olaraq qalmaqda idi. Arxeoloji qazıntılar zamanı tapılmış zəngin maddi mədəniyyət nümunələri Qəbələdə daşişləmə, metalişləmə, sümükişləmə, ağacişləmə, dulusçuluq, şüşə istehsalı, zərgərlik, boyaqçılıq, toxuculuq və bir sıra digər sənət sahələrinin geniş inkişafından xəbər verir. Tədqiqatlar zamanı məlum olmuşdur ki, Qəbələ şəhəri bölgənin mərkəzi şəhəri olduğu üçün həm də ətraf yaşayış məntəqələrinin əhalisinin sənətkarlıq məhsullarına olan ehtiyaclarını ödəyirmiş.

Əsərin sonuncu bölməsi Azərbaycanın görkəmli arxeoloqlarına həsr olunmuşdur. Burada Ələsgər Ələkbərov, Davud bəy Şərifov, İshaq Cəfərzadə, Osman Həbibullayev, Məmmədəli Hüseynov, Qara Əhmədov və digər Azərbaycan arxeoloqlarının apardığı tədqiqatlar zamanı əldə etdiyi mühüm nailiyyətlər qısaca şərh olunmuşdur.

Ümumiyyətlə, Qafar Cəbiyevin «Azərbaycan arxeologiyasının əsasları» adlı kitabı arxeologiya elminin son nailiyyətləri əsasında yazılmış dəyərli tədqiqat əsəridir. Burada Azərbaycan arxeologiya elminin inkişaf mərhələləri, arxeoloji dövrlər, arxeoloji mədəniyyətlər və son 100 ildə respublikamızın ərazisində aparılmış kompleks arxeoloji tədqiqatlar zamanı tapılmış maddi mədəniyyət qalıqları kifayət qədər dolğun və yüksək peşəkarlıqla yazılmışdır. Yaxşı olar ki, bu kimi əsərlər dünya xalqlarının dillərinə tərcümə olunsun və Azərbaycanın zəngin tarixi təbliğ olunsun. İnanıram ki, Qafar Cəbiyev bundan sonra yazacağı əsərləri ilə və əldə edəcəyi elmi uğurlarla bizi sevindirəcəkdir. Məhz bu müqəddəs yolda ona yeni-yeni elmi nailiyyətlər arzu edirəm.

 

Əsədulla Cəfərov

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun 

şöbə müdiri, tarix elmləri doktoru, professor

 

Elm qəzeti, 14 dekabr 2018-ci il, səh-7-8